24 May 2021 17:56
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ölkədə vaksinasiyadan keçən vətəndaşların sayı 1 milyon 900 min nəfər civarındadır. Bir o qədər də əhalinin virusa yoluxaraq sağalması qeydə alınıb. Eyni zamanda virusu heç bir simptom hiss etmədən keçirənlər də mövcuddur. Bununla paralel olaraq sağalanların statistikasını da hesablasaq? 30 faizdən artıq əhalinin immunitet qazanması halını qeyd etmək olar.

Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.

Onun sözlərinə görə, mövcüd statistika imkan verəcək ki, sadəcə olaraq gigiyenik qaydalara riayət etməklə bu xəstəliyə qalib gəlməyimiz mümkün olsun: “Amma pandemiya hələ bitməyib. Havaların isti keçən bir vaxtıdır. Virusun spesifik xüsusiyyətlərini nəzərə alaraq iqlimə uyğun müəyyən dəyişikliklər etmək olar”.

Komitə üzvü deyib ki, sanki hər şey bitdi deyə öz normal həyatımıza dönsək, bu, yenidən təhlükəli tendensiyaya yol açar: “Açıq havada maskadan istifadənin ləğv edilməsi və müəyyən şərtlərlə toy və yas mərasimlərinin təşkili ilə bağlı təkliflər eşidilir. Bunlar hamısı Operativ Qərargah tərəfindən də müyyənləşdirilir və aydınlaşdırılır. Toyların keçirilməsi üçün parametrlər müəyyənləşməlidir. Bu gün hansı şərtlərə bu məsələlərin həll olunacağını indidən söyləmək çətin olar. Hansı şərtlərlə toy və yasların keçirilməsinin daha məqbul olacağını müəyyənləşdirmək Operativ Qərərgahın verəcəyi qərardan asılı olacaq”.

İlham Məmmədov yay fəslində açıq havada maskadan imtina ilə bağlı cəmiyyətdən gələn təkliflərin də gündəmdə olduğunu söyləyib: “Açıq havada maskadan istifadənin qaydaları müəyyənləşməlidir. Evdən çıxarkən bütün zəruri əşyalarla yanaşı insanlar tibbi maskasını da özü ilə götürməlidir. Çünki insanların sıx olduğu yerlərdə maskadan istifadə daha məqbuldur. Amma açıq havada və parklarda tibbi maskadan istifadə ilə bağlı Operativ Qərərgahın qərar verəcəyi mümkün olar bilər”.


Müəllif: Tapdıq Qurbanlı