COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində vətəndaşların peyvəndləmə prosesi davam edir. Lakin səhhətindəki problemlər səbəbindən bəzi insanlara vaksin vurulması tövsiyə olunmur. 9 avqustdan etibarən vətəndaşlara peyvəndə qarşı əks göstəriş sertifikatının verilməsinə başlanılıb. Amma vətəndaşlar bu sertifikatı əldə etmək üçün analizlərə ödəniş etməlidirlər.
Vətəndaşlardan biri Teleqraf.com-a bildirib ki, analizlər götürülməzdən əvvəl ondan 23 manat 50 qəpik ödəniş tələb edilib.
Məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladıq.Bildirildi ki, əks göstəriş sertifikatını almaq üçün vətəndaş sənədlərini poliklinikada komissiyaya təqdim edir: "Bunun üçün dövlət və icbari tibbi sığorta hesabına hər hansı analizlərin verilməsi nəzərdə tutulmayıb. Vətəndaş əgər hər hansı xəstəlikdən əziyyət çəkirsə, buna dair epikrizi, hansısa sənəd və ya analizlər olmalıdır. Vətəndaşın cari vəziyyətinə görə hər hansı analizlərin verilməsinə dair zərurət yaranıbsa, o zaman şəxs oz hesabına analizlər verməlidir".