15 Sentyabr 2021 10:57
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkinin Baqqal kəndinin sakinləri yol və "mavi yanacaq" problemilə üzləşib.

Bir qrup kənd sakini Teleqraf.com-a bildiriblər ki, evlərini qazla təmin edə bilmirlər.

Onların sözlərinə görə, Şəkinin Baqqal kəndi ilə II Biləcik kəndlərinin bələdiyyələri birləşdirilib. II Biləcik kəndi qazla təmin olunsa da, Baqqal kəndinə qaz xətti çəkilməyib. Sakinlər deyir ki, müstəqillik dövründə Baqqal kəndinə nə qaz çəkilib, nə də yol. Kənddə internet də yoxdur.

Qışı sərt keçən kənddə qaz və yol problemi sakinləri ciddi narahat edir. Şikayətdə yol problemi xüsusi vurğulanır. Bildirilir ki, Baqqal kəndi magistral yoldan bir neçə kilometr aralıda yerləşir, gediş-gəliş çox çətindir. Bəzən evi qızdırmaq üçün toplanan odunları belə, mənzil başına çatdırmaq olmur.

Məsələyə “Azəriqaz” İstehsalat Birliyinin mövqeyini öyrəndik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirdi ki, istər Bakı-Abşeron ərazisi, istərsə də regionların qazlaşdırılması olsun, məsələ “Azəriqaz”ın diqqətindədir: “Sadəcə işlər mərhələli şəkildə aparılır. Yəni “Azəriqaz” birdən-birə bütün ərazilərdə bu işləri aparmaq imkanında deyil.

Baqqal kəndinin qazlaşması ilə bağlı heç bir problem yoxdur, sadəcə zaman lazımdır. Dövlət proqramına uyğun olaraq həmin kəndin qazlaşdırılması həyata keçiriləcək”.

Eldəniz Vəliyev kənddə qazlaşdırmanın gələn il aparılacağını ehtimal edir: “Sakinlərin narahatlığı başa düşüləndir. Baqqal kəndinin qazlaşması zaman məsələdir, bu, mütləq olacaq.

Əvvəldən planlaşdırılmış massivlər, yaşayış məntəqələri, kəndlər var. Amma konkret həmin kəndlə bağlı dəqiq söz deyə bilmərəm. Ümumilikdə “Azəriqaz”ın hədəfi odur ki, 2023-cü ilə qədər Azərbaycanda qazlaşmayan heç bir yaşayış massivi qalmasın. Baqqal kəndinin qazlaşması gələn ilin planına düşə bilər”.

Saytımıza açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə bildirdi ki, adıçəkilən kəndin yolla bağlı problemi plandadır: “Ümumiyyətlə, təmirə ehtiyacı olan kənd və ya kəndarası yolların hamısı siyahıya alınıb. Təbii ki, maliyyə vəsaiti ayrılan kimi investisiya proqramı çərçivəsində yolların salınması həyata keçiriləcək. Baqqal kəndində yol tikintisi və təmir işləri nəzərdə tutulub. Maliyyə vəsaiti ayrılan kimi kənddə yol təmir olunacaq”.

Məsələyə nə vaxt baxılacağına gəlincə, Anar Nəcəfli deyib ki, müvafiq maliyyə vəsaiti ayrılandan sonra dəqiq fikir bildirmək olar: “İşlərə də həmin vaxt başlanacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər