Dekabrın 23-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Bildirilib ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov qəbuldan öncə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda İsmayıllı və Ağsu rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.