12 May 2023 17:23
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Qaradağ rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.

Teleqraf.com bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə Qaradağ rayonunda aparılan nəzarət tədbirləri zamanı Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsində yerləşən tikintisi yarımçıq qalmış çoxmənzilli yaşayış binasında sudan qanunsuz istifadə halları aşkar edilib. Belə ki, binanın istismara verilmiş hissəsindəki mənzillərdə abonent kodları açılıb sayğaclar quraşdırılısa da, yarımçıq qalmış hissədə məskunlaşan sakinlər sudan qeyri-qanuni istifadə edirlər. Hətta bəzi sakinlər boruların üzərinə sayğac quraşdıraraq kirayədə qalanlardan pul yığıb.

Qobu Park-1 yaşayış kompleksinin zirzəmisində fəaliyyət göstərən iki obyektin - kafe və optika mağazasının da sudan qanunsuz istifadə etdiyi müəyyən edilib. Həmçinin Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən baytarlıq aptekində də sudan qeyri- qanuni istifadə halı aşkar edilib.

Nəzarət tədbirləri zamanı aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, sudan qeyri-qanuni, sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bu ilin yanvar-aprel aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı ümumilikdə 4 805, Qaradağ rayonunda isə 39 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər