Dünya universitetlərinin bu yaxınlarda açıqlanmış reytinq cədvəlində 12 min ali məktəb sırasına Azərbaycandan 4 ali məktəb düşüb: Xəzər Universiteti (5097-ci yer), Qafqaz Universiteti (7054-cü yer), Diplomatiya Akademiyası (7653-cü yer) və Tibb Universiteti (11108-ci yer).
Təhsil eksperti Nadir İsrafilov Azərbaycan ali məktəblərinin vəziyyətini Teleqraf.com-a şərh edib.
Nadir İsrafilov bildirib ki, reytinqlərin aşkarladığı durum hər birimizi düşündürən məsələdir: “Universitetlərimizin dünyada aparıcı təhsil müəssisələri arasında öncül yerlərdə qərarlaşmasını arzulayırıq. Ancaq təəssüf ki, bu arzu və istəklərimiz hələ reallaşmayıb. Baxmayaraq ki, bu məsələyə ən yüksək səviyyələrdə diqqət göstərilir.
Yəqin çoxları xatırlayır, bir müddət öncə Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “hazırda Azərbaycan universitetlərinin heç birində yüksək ixtisaslı mütəxəssis hazırlığından danışmaq qeyrı mümkündür” mesajını verməklə mövcud vəziyyətin acı mənzərəsinə diqqət çəkdi. Təhsilimiz həqiqətən müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin laboratoriya mərkəzinə çevrilib. Bir zamanlar ixtisaslı kadr hazırlığı ilə yanaşı həm də ciddi elmi araşdırmalar, sanballı tədqiqatlar aparan institutlarımız universitetlərə çevrildikdən sonra loru dillə desək, Əli aşından da olub, Vəli aşından da...”
Bu vəziyyəti bir sıra obyektiv və subyektiv faktorlarla əlaqələndirən ekspert bildirib ki, ilk “onluq”larda, “yüzlük”lərdə qərarlaşan universitetlərlə müqayisədə belə qiymətləndirmələr baxımından bizim ali təhsil müəssisələrimizin kifayət qədər təcrübəsi yoxdur: “Dünyada qəbul olunmuş xüsusi qiymətləndirmə meyarları var, bu meyarlara qarşılıq verməyimiz tələb olunur. Məsələn, elmi araşdırmalara geniş yer verilməsi, maddi-texniki bazanın və kadr potensialının fasiləsiz təminatı, dünyanın inkişaf tendensiyalarının nəzərə alınması, beynəlxalq forumlarda iştirak, ali təhsil müəssisələrinin kadrlarının beynəlxalq konfranslarda çıxışları, elm və təhsil çevrələrində nüfuz sahibi olması, beynəlxalq miqyasda təmsilçilik... Bu meyarlara yenə əlavə eləmək olar.
Bu və başqa səbəblərdən bizim universitetlərimiz dünya çapında müxtəlif kriteriyalar əsasında aparılan çoxsaylı reytinq araşdırmalarında nəzərə çarpmırsa, yaxın vaxtda ali məktəblərimizin yuxarı yerlərdə qərarlaşmasına ümid etmək özümüzü aldatmaqdan başqa bir şey deyil. Elmimizin vəziyyətin təhsilin durumdan ayrı tutmalı deyilik. Təəssüf ki, bizdə müdafiəyə buraxılan elmi işlərin demək olar ki, bütün mövzuları yerli, lokal əhəmiyyət kəsb edir”.
Nadir İsrafilov qeyd edib ki, universitetlərimiz nüfuzlu beynəlxalq reytinqlərdə “3 minlik” siyahıya belə düşmür: “Təəssüf doğuran haldır... Nəyə görə iqtisadi gücü üst-üstə topladıqda Azərbaycanın gücü qədər olmayan ölkələr bizdən qabaqda olmalıdır? Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə təhsilimizin həm eninə, həm də dərininə inkişafında ortaq məxrəci doğrudanmı tapa bilməyəcəyik? Bu suala cavab verilməlidir”.
Ekspertin sözlərinə görə, təsəlli gətirən bir detalı da nəzərə almalıyıq ki, BDU istisna, digər universitetlərimizin reytinq cədvəllərində dünyanın aparıcı ali məktəbləri ilə rəqabət aparmaqda kifayət qədər təcrübəsi yoxdur: “Çünkı bizim ali məktəblərin müəyyən hissəsi təzə yaranıb, digər hissəsi isə uzun illərdən bəri institut kimi fəaliyyət göstərib.
Nəzərə alsaq ki, Boloniya (1088), Oksford (1117), Kembric (1209), Sarbonna (1215), bu günkü tariximizə nisbətən yaxın olan Harvard (1636), Lomonosov adına MDU (1755) və digər adını çəkmədiyimiz universitetlər nüfuz qazanmaq üçün əsrlərlə yol keçiblər. Deməli, yuxarı yerlərdə qərarlaşmaq üçün hələ bir müddət çalışmalıyıq”.
İlhamə ƏBÜLFƏT