8 İyul 2016 15:32
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda quduzluğa yoluxan 10 yaşlı oğlan ölüb.

Teleqraf.com-un məlumatına görə, Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya deyib ki, Salyan rayonunun Dayıkənd sakini İsmayılov Aqil İlkin oğlunu 20 gün əvvəl təhlükəli yerlərdən-baş, üz, ağzından it dişləyib. Rita İsmayılova qeyd edib ki, dişləmə qeydə alınan gün uşaq Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb, müayinələrə başlanıb, iynələri vurulub: “Lakin xəstəliyin inkubasiya (gizli) dövrü qısa olduğuna görə uşaqda immunitet yaranmayıb, nəticədə o, quduzluğa yoluxub.

Uşaq Bakıya gətirilib, onun 1 saylı uşaq yoluxucu xəstəxanasında simptomatik müalicəsi aparılıb. Buna baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb və iyulun 7-də vəfat edib. Məlumdur ki, insanda quduzluq qeydə alınırsa, heç bir müalicəsi yoxdur və ölümlə nəticələnir”.

Rita İsmayılova əlavə edib ki, il ərzində qeydə alınan 17 minə qədər heyvan dişləmələrinin hamısı sağalır. Nadir hallarda inkubasiya (gizli) dövrü çox qısa olur: “Bu uşaqda da inkubasiya dövrü 14 gün olub və artıq əlamətlər başlayıb. Uşaqda immunitet yaranmadığından müalicə kömək etməyib. Bundan əlavə, dişləmə təhlükəli yerlərdən - üz, baş, barmaqlar, yuxarı ətraflardan olduğunda, bunlar beynə yaxın olduğu üçün ölüm daha tez baş verə bilir”.

Şöbə müdiri əhaliyə müraciət edərək valideynləri uşaqlarını və özlərini naməlum heyvanlardan qorumağa çağırıb: “Uşaqları sahibsiz buraxmasınlar. Hər hansı bir dişləmə olduqda dərhal həkimə müraciət etsinlər, iynələri sxem üzrə vurdursunlar. Öz heyvanlarını vaxtında peyvənd etdirsinlər”.

Qeyd edək ki, bu, 2016-cı ildə qeydə alınan ikinci faktdır. İlk hadisə ilin may ayında Zaqatalada qeydə alınıb. 1969-cu il təvəllüdlü Pəri Qasım qızı Turacovanı küçə iti dişləsə də, xəstəxanaya müraciət etməyib. Nəticədə Pəri Turacova Zaqatalada quduzluq xəstəliyindən vəfat edib.


Müəllif:

Oxşar xəbərlər