11 İyul 2016 12:37
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu şəhərin öz əfsanəsi var. Əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerlərdən keçirmiş. Onların su ehtiyatı qurtarır və susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var imiş. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salıbmış. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:

-Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!

Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:

-Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!

Deyilənlərə görə, bunsan sonra Sumqayıt şəhəri yaranıb. 1949-cu ildən respublika tabeli şəhər statusunu alıb və ölkənin böyüklüyünə görə sayca Bakı və Gəncədən sonra üçüncü şəhəridir. Ölkəmizdəki yüksəliş Sumqayıtın da timsalında aydın görünür. Hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt bu şərəfli adı indi də daşımağa qadirdir. Sumqayıt şəhərinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verilib və şəhər öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başlayıb. Onun istehsal etdiyi məhsullar SSRİ-nin 700 şəhərinə ixrac olunub.

“Sumqayıtın işsizlik aradan qaldırılır”

İlham Əliyev çıxışı zamanı Sumqayıt haqqında öz fikrilərini bildirib: “Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Bu gün Sumqayıtın potensialı artır, işsizlik aradan qaldırılır, şəhərin abadlaşdırılması üçün sosial sahədə əlavə tədbirlər görülür. Sumqayıt bundan sonra da ölkəmizin sənaye və iqtisadi inkişafı işində öz sözünü deyəcək”.

Sumqayıtın simvolu, vaxtı ilə şəhərin girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə olub. 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi kimi bu simvolda öz əksini tapıb.

Məhsul istehsalında 82 faiz artım

Sumqayıtlılar deyirlər ki, icra hakimiyyətinin başçısı vəzifəsinə Zakir Fərəcovun təyin olunması şəhərdə müsbət qarşılanıb. Çünki, şəhər sakinləri belə deyirdilər: “sumqayıtlıdır, şəhəri tanıyır, problemləri bilir və həllinə çalışır”.

Elə, Sumqayıtın sosial-iqtisadi göstəriciləri də, yüksəkdir. Bu ilin birinci rübü ərzində Ötən üç ayda şəhər üzrə ümumi məhsul istehsalı və xidmətlərin həcmi 244,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 75,6 milyon manat və ya 44,8 faiz artım deməkdir. Sənaye müəssisələrində məhsul istehsalı 82 faiz artaraq 173,8 milyon manat təşkil edib. Bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 9 milyon manatdan çox investisiya yönəldilib. Ayrı-ayrı sənaye sahələri üzrə məhsul istehsalı: kimya sənayesi üzrə -121,6 faiz; yüngül sənaye - 125,0 faiz; yeyinti sənayesi - 24,6 dəfə; digər sahələr üzrə-4,8 dəfə; energetika üzrə - 93,0 faiz olub. Həyata keçirilən tədbirlər nəticəsində son 3 ayda 1933 yeni iş yeri açılıb. Ötən dövrdə 3297 nəfər ailə üzvü olan 848 ailəyə ünvanlı sosial yardım təyin edilib.

Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin hərtərəfli qayğısı sayəsində rüb ərzində Sumqayıtda əsaslı və kompleks yenidənqurma işləri görülüb. Bundan əlavə, Heydər Əliyev və Azərbaycan küçələrində yerləşən, memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edən yaşayış binalarının fasadları və eyvanları da yüksək zövqlə üzlənib. Heydər Əliyev Mərkəzində, Şahmat və Musiqi Məktəbində son tamamlanma işləri aparılır, Sumqayıt Dövlət Dram Teatrı əsaslı şəkildə təmir olunur.

Modernləşən Sumqayıt

İlham Əliyev Sumqayıt və sumqayıtlılara onların problemlərinin həll olunmasında daim dəstək olub. İlin əvvəlində şəhərdə 100 binanın dam örtüyünün təmir olunmasına vəsait ayrılması üçün sərancam imzalayıb. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıtın yeni Dənizkənarı Bulvar Kompleksində və Sahil parkında 3700 paqonmetr uzunluğunda istinad divarı tikilib, 4200 kilometr uzunluğunda yolun özülü tikilib, yerə tamet döşənib. Şəhərdə genişmiqyaslı yaşıllaşdırma işləri davam etdirilib, 49 min ağac, 82 min gül kolu, o cümlədən palma ağacları əkilib, müxtəlif ərazilərdə qazon salınıb.

Elə həmin sərəncamla Sumqayıt şəhərində çoxmərtəbəli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə vəsait ayrılması növbəti dəfə onun sumqayıtlılara olan diqqət və qayğısından xəbər verir. Artıq 140 ədəd yeni lift quraşdırılıb. Ayrılmış vəsait hesabına 60 ədəd lift yenisi ilə əvəz olunur və bu sahədə əhalinin problemləri tam həll olunacaq.

Tibbi müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması, inzibati binaların və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görülmüş və hazırda bu işlər davam etdirilir.

Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb. Əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret desək, artıq Sumqayıtda 200-dən çox sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi odur ki, müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir.

Ötən ilin sentyabrında quruculuq sahəsində yetərli təcrübəsi olan Zakir Fərəcov şəhərə icra hakimiyyəti başçısı təyin edildikdən sonra Prezidentin tapşırığı ilə bu işlər daha da sürətlənib. Abadlıq yürüşü bütün cəbhəboyu aparılmağa başlanıb. Bir neçə istiqamətdə çox gözəl, müasir infrastruktur layihələrin icrasına start verilib. Ayrı-ayrı təsərrüfat sahələri üzrə zəruri addımlar atılır, əsas problemlər həllini tapır. İndi şəhərdə abadlıq-quruculuq işlərinin həyata keçirilmədiyi meydan, küçə yoxdur-desək yanılmarıq.

Zakir Fərəcov vəzifəyə təyin olunan gündən ölkə başçısının "Sumqayıt şəhərində mütləq bulvar olmalıdır” fikrini əsas hədəf kimi qarşıya qoyub.

Hazırda Sumqayıt bulvarında genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel aparılır. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan bulvarda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir. Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

Sumqayıt haqq etdiyi görkəminə qovuşacaq

Sumqayıtda son aylar başladılmış abadlıq işləri ciddi maraq və müzakirələrə səbəb olub.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov deyir ki, Sumqayıtlılarla yanaşı, şəhərə təşrif buyuran bütün qonaqlar aparılan bu yenidən qurma, abadlıq işlərinə görə daha çox sevinirlər: Sumqayıt şəhərinin gül çiçəyə bürünməsi bizi sevindirir. Qısa bir müddət ərzində bu qədər iş görülməsi heç kimin ağlına gəlməzdi. Təbii ki, bu da bizi bir sumqayıtlı olaraq sevindirir. Biz gənclik illərindən Sumqayıtda məskunlassaq da, artıq burada övladlarımız, nəvələrimiz yaşayır və buranın hər qarışı bizə doğmadır. Burada artıq elə bir, elm, mədəniyyət, istirahət ocağı olmayacaq ki, təmirsiz qalsın. Bütün mədəniyyət ocaqları yüksək səviyyəli avadanlıqlarla təhciz olunacaq”.

Mehman Şükürov qeyd edib ki, Sumqayıtda görülən əhəmiyyətli işlərdən biri də, Sumqayıt Dövlət Teatrın binasının yenidən qurulmasıdır: “Hazırda teatrda təmir və yenidən qurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi, müasir standartlara cavab verən səs-akustika sistemi quraşdırılır, binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenilənir. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir”.

Sumqayıtda yeni kimya sənaye parkı

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Paytaxt Bakıdan 32,5 km məsafədə yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 295,62 hektar təşkil edir. Sumqayıt Kimya Sənaye Parkının Baş Planına əsasən Parkın Sənaye Zonası 192 hektar təşkil edəcək. Burada aqro və tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika və avtomobil sənayesi kimyası, polimerlər və sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşəcək.

Əminliklə deyə bilərik ki, Sumqayıtın inkişafı və yüksəlişi üçün həyata keçirilən yeni proqram və layihələrin nəticəsində bu şəhər nəinki respublikamızın, hətta Avropanın və dünyanın ən gözəl diyarlarından birinə çevriləcək...

İlhamə ƏBÜLFƏT

Yazı Sumqayıt Bələdiyyəsinin elan etdiyi “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim edilir .


Müəllif:

Oxşar xəbərlər