Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu iyulun 21-də Koordinasiya Şurasının Hüquqi maarifləndirmə bölməsinin üzvləri olan hüquqşünas alimlərlə "Dəyirmi masa" təşkil edib.
Bilik Fondunun informasiya təminatı sektorundan verilən məlumatda belə deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev 18 iyul 2016-cı il tarixində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb. Layihədə Konstitusiyanın 29 maddəsində əlavə və dəyişiklik təklif olunur. Bu əlavə, dəyişikliklər özündə insan haqları, seçki qanunvericiliyi və hakimiyyət strukturlarının fəaliyyət qaydalarını əks etdirir. Referendum Aktı Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra əhalinin maarifləndirilməsinə ehtiyac olacaq. "Dəyirmi masa"nın mövzusu da elə bu olub.
Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin moderatorluğu ilə keçirilən "Dəyirmi masa"da "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi ilə bağlı Bilik Fondunun qarşısında duran vəzifələr müzakirə olunub.
"Dəyirmi masa"nı açıq elan edən İ.Vəliyev Bilik Fondunun hüquqi maarifləndirmə işləri barədə geniş məlumat verərək, əhaliyə Referendum Aktı layihəsinin mahiyyəti barədə dolğun bilgilər çatdırılmasının vacibliyinə toxunub. Aparat rəhbəri qeyd edib ki, bununla bağlı təşkilati işlərin başlanması üçün müvafiq Tədbirlər Planının tərtib olunması zəruridir.
Tədbirdə Fondun Koordinasiya Şurası Hüquqi maarifləndirmə bölməsinin üzvləri – AMEA-nın əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, hüquq üzrə fəlsəfə doktoru Fəxrəddin Nağıyev, Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının əməkdaşı, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirov, AMEA-nın əməkdaşı, hüquq üzrə elmlər doktoru Nazim Əliyev, Azərbaycan Respublikası DİN Polis Akademiyası Daxili İşlər orqanlarında inzibati fəaliyyət kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Rafiq Nəcəfquliyev, AMEA-nın əməkdaşı, hüquq üzrə elmlər doktoru Zaur Məmmədov çıxış edərək, Referendum Aktı layihəsinə təklif edilən əlavə və dəyişkliklərin hansı zərurətdən yarandığına diqqət çəkiblər.
Müzakirələr nəticəsində qərara alınıb ki, Referendum Aktı layihəsinə təklif olunan əlavə və dəyişikliklərin mahiyyətinin izahı ilə bağlı yerlərdə mühazirələr, görüşlər, “Dəyirmi masa”lar keçirilsin, maarifləndirici broşuralar hazırlansın. Bilik Fondu bununla bağlı silsilə maarifləndirici tədbirlərin, mütəxəssislərin əhali ilə görüşlərinin təşkili işini öz üzərinə götürüb.