9 Sentyabr 2016 17:57
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyində təbiət turizmi üzrə ixtisaslaşan şirkət və qrup nümayəndələrinin də daxil olduğu Şura yaradılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı nazirlikdə turizm şirkətlərinin nümayəndələri ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən nazir Hüseyn Bağırov qeyd edib ki, 2002-ci ildən ölkə başçısının təşəbbüsü ilə qoruq əraziləri genişləndirilib və milli parklara çevrilib: “Az bir müddət ərzində xüsusi mühafizə olunan ərazilər 400 min hektardan 1 milyon hektara çatdırılıb. Həmin ərazilərdə mühafizə işləri sayəsində təbii bərpa gedib, torpaqlar mal-qaranın tapdağından, eroziyadan xilas olub.

Nəticədə qorunan ərazilər gözəgəlimli şəkil alıb və insanlar meşələrdən, təbiət ərazilərindən istifədə etmək üçün həmin yerlərə can atır. Amma görməli təbiət ərazilərinə, meşələrə, dağlara kortəbii və pərakəndə şəkildə çoxsaylı iştirakçılarla edilən turlar nəticəsində təbiət ərazilərinin həddən aşırı istismarı müşahidə edilir, o cümlədən meşə və dağların müxtəlif tullantılarla çirkləndirilməsi baş verir.

Bu cür hallara qarşı ETSN tərəfindən inzibati qaydada mütəmadi tədbirlər görülsə də, konstruktiv ruhda əməkdaşlıq etmək və təbiətə ziyan gətirməyən fəaliyyəti qurmaq üçün yollar tapılmalıdır”.

Nazir təklif edib ki, müraciət edən şirkət, klub və ya digər təşkilat yüksək dağlıq ərazilərdə turistlər üçün təhlükə yarandığı təqdirdə xilasetmə işlərinin təşkilini, sığorta işlərini, milli parkda davranış qaydalarına riayət edilməsini və digər bu kimi zəruri şərtləri boynuna götürəcəyi təqdirdə giriş 1 gün ərzində həyata keçirilsin.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər