9 Sentyabr 2016 19:38
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyası ərəfəsində ilk iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclası açan komitə sədri Əli Hüseynli bildirdi ki, Milli Məclisin yaz və növbədənkənar sessiyası dövründə komitənin 21 iclası keçirilib və bu iclaslarda 86 məsələ müzakirə olunub. Onun sözlərinə görə, komitə tərəfindən payız sessiyasında müzakirəyə çıxarılmaq üçün 17 qanun layihəsi hazırlanıb.

Bu sənədlər arasında qanunvercilik təşəbbüsü ilə parlamentə təqdim olunacaq sənədlər də var. Komitə tərəfindən yaz sessiyasında hazırlanan “Milli Məclisin deputatının etik davranışı haqqında” sənədin də payız sessiyasında müzakirəsi gözlənilir.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd geniş müzakirə olunub. Əli Hüseynli bildirib ki, sözügedən qanuna 2 yeni maddə əlavə edilir. Bu əlavələr korrupsiya üzrə hüquqpozmalar barədə məlumat verməklə bağlıdır. Sənədin 11.1 maddəsində göstərilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən ediləcək. Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətli struktur bölmə ona daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində məlumatı araşdırıb və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirəcək. Maddə 11.2-də isə qeyd edilir ki, səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə, ailəsinə və yaxın qohumuna edilə biləcək hər hansı hədə-qorxu, təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir.

Müzakirələrdə çıxış edən komitə üzvləri - Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Çingiz Qənizadə, Tahir Kərimli, Məlahət İbrahimqızı, Azay Quliyev bildirib ki, dəyişiklik korrupsiya ilə mübarizədə öz səmərəsini verəcək mütərəqqi ideyadır. Ancaq əlavələrin daha təkmil formada olması üçün yenidən işlənməsinə ehtiyac var. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilsə də, işçi qrupunun yenidən sənəd üzərində müzakirə aparması qərara alınıb.

Sonra “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edildi. Bildirildi ki, yeni dəyişikliyə əsasən Azərbaycanda “BE”, “CE”, “D”, “DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi üçün təcrübə müddəti müəyyən edilir. Qanunun 33-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, “BE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ -19 yaşdan (bu sahədə təcrübə 1 ildən az olmamaq şərtilə): Tramvayları, trolleybusları idarəetmə hüququ - 21 yaşdan, “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ - 21 yaşdan (bu sahədə təcrübə 3 ildən az olmamaq şərtilə), “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə), “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və “D” kateqorioyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə) yuxarı şəxslərə veriləcək.

Gündəlikdəki digər qanun layihələrinə edilən dəyişikliklər qanunvericilik aktlarına uyğunlaşdırmaq xarakteri daşıdığı üçün komitə üzvləri sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına müsbət münasibət bildirdilər.

Nemət


Müəllif:

Oxşar xəbərlər