SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycanda benzinin qiymətinin ucuz olduğunu bildirib.
O, həmçinin, Azərbaycana benzin idxalının artıq dayandırıldığını deyib: “Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Vergiləri götürsələr də, heç kim bura benzin gətirməyəcək. Çünki benzinin qiyməti o qədər aşağıdır ki, xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Zavodlar təmirə bağlanan vaxt SOCAR müəyyən çatışmazlıqların olmasından ehtiyat edib.
Buna görə də biz hökumətdən xahiş etdik və 30 min tona yaxın benzin gətirdik. Bu, bizə zərərlə başa gəldi. Amma ölkədəki benzinə olan tələbatı tam ödədik. Əhali bunu hiss etmədi. Benzinin idxalına olan vergilərin götürülməsinə baxmayaraq, bu, bizə bir neçə milyon manat ziyan vurub”.
Məsələylə bağlı Teleqraf.com-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şabanın sözlərinə görə, cari ayın 14-də Heydər Əliyev adına Neft Emalı Zavodunun işə salınmasıyla artıq xaricdən benzin idxalına ehtiyac qalmayıb: “Dünyadakı bütün neftayırma zavodları ildə bir dəfə profilaktiki təmirə dayanır. Həmin təmir vaxtı ehtiyat yanacaqdan istifadə edirlər, ya da idxal hesabına ödəyirlər. Bizdə də əhalinin əvəzinə idxal xərclərini dövlət özü çəkdi.
Zavod avqustun 1-də təmirə dayanmışdı. Yəni bu cari təmir idi. Ancaq əvvəlki illərdən fərqli olaraq uzunmüddətli təmir dövrü oldu. Bununla əlaqədar olaraq ölkənin daxili bazarında yanacağa olan tələbatın ödənilməsi mümkün olmamışdı. Ona görə də Azərbaycan məcbur olmuşdu ki, xaricdən Aİ 92 markalı benzinin idxalını həyata keçirsin. Bizdə bu markalı benzin idxalı heç vaxt olmamışdı. Dövlət Neft Şirkəti bu idxaldan qazanc götürməyib. Baxmayaraq ki, Nazirlər Kabinetinin qərarı ilə onun idxal vergisi sıfıra endirilmişdi. Aksiz vergisi, yəni dövlətə çatacaq vergi minimuma düşürülmüşdü.
Bununla belə Neft Şirkətinə dəyən ziyan milyonlarla manat oldu. O baxımdan da Rövnəq Abdullayev qeyd eləyib ki, bu qədər münbit şərait yaradılsa belə xaricdən alınan requlyar markalı benzinin gətirilməsi sərf eləyən kommersiya biznesi deyil. Buna görə də qısa müddətdə biz bu idxalı dayandırdıq.
Onu da qeyd edim ki, xaricdə benzin Azərbaycandan bahadır. Gürcüstanda, Rusiyada, Türkiyədə, Avropa bazarında. Məsələn, bizdə 95 markalı benzin 95 qəpikdir, Gürcüstanda isə 1,05 dollardır”.
Sevinc Fədai