“Azərbaycanda keçirilən referendumda böyük seçici fəallığı qeydə alınıb”. Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə baş tutan ümumxalq səsverməsinin (referendum) nəticələri ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.
M.Pənahov deyib ki, beynəlaxlq müşahidəçilər də referendumla bağlı öz mövqeylərini açıqlayıb.
Onun sözlərinə görə, referendumda müxalifət partiyalarının və müstəqil qeyri-hökumət təşkilatlarının 2600-ə yaxın nümayəndəsi də iştirak edib: “Azərbaycanlı müşahidəçilərin də müraciətləri Mərkəzi Seçki Komissiyasına daxil olmaqdadır. Seçkilər çox yüksək səviyyədə hazırlanıb və keçirilib. Bu seçkilərdə məsul olan MSK və digər dövlət orqanların böyük zəhməti ilə referendum yüksək səviyyədə baş tutub. Biz referendumla bağlı müsbət rəyləri bir sıra beynəlxalq təşkilatlarının hesabatlarını da gördük. Mən həmin məsul dövlət orqanlarına təşəkkür edirəm. Onlar çox peşəkar şəkildə hərəkət edərək, Azərbaycanda şəffaf referendumun təşkilində iştirak ediblər. Bu referendum öz şəffaflığı və aşkarlığına görə dünyaya nümunə olacaq səsvermə olub. Bundan əlavə, media da referendumla bağlı yüksək peşəkarlıq nümayiş etdirib. Mən jurnalistlərə də təşəkkür edirəm. Beynəlxalq qurumlar da Azərbaycanda keçirilən referendumu izləyərək, peşəkar rəy veriblər. Bununla da Azərbaycanda daha bir tarixi səsvermə yüksək aşkarlıq şəraitində şəffaf şəkildə başa çatıb”.
MSK sədri ümumxalq səsverməsində bəzi məntəqələrdə qutuya topa bülleten atılması və bir şəxsin iki dəfədən artıq səs verməsini əks etdirən video-görüntülərə münasibət bildirib. O qeyd edib ki, sözügedən hallar MSK tərəfindən izlənilib: “Bununla bağlı müvafiq araşdırmalar aparılıb lazımı tədbirlər görüləcək. Əgər hər hansı pozuntu aşkar olunarsa, həmin məntəqələrin nəticələri ləğv ediləcək. Bu işdə məsulyyətli olmaq lazımdır. Ölkə rəhbərliyi bu məsələdə necə diqqətli və məsuliyyətlidirsə, ayrı-ayrı dairə və məntəqə sədrləri də işlərində məsuliyyətli olmalıdır. Bu cür hallar səsvermənin ümumi gedişinə kölgə sala bilməz. Arzu edərdik ki, bu kimi hallar baş verməsin. Biz səsverməni beynəlxalq standartlara uyğun təşkil etmişik”.
M.Pənahov həmçinin qeyd edib ki, Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb: “Beynəlxalq müşahidə missiyaları səsvermənin gedişini müsbət qiymətləndiriblər. Səsvermə yüksək səviyyədə hazırlanıb və keçirilib. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Çünki seçkidə onların da üzərinə müəyyən məsuliyyət düşür. Həmin dövlət orqanlarına minnətdarlığımı bildirirəm. Onlar peşəkarcasına proseslərin idarə olunmasında iştirak etdilər. Protokollar bundan sonra da araşdırılacaq. Əgər bizə hər hansı şikayətlər daxil olacaqsa, onlara mütləq baxılacaq”.
Səxavət