Şabran sakini Vəfa Hüseynova qədim gəlinliklərdən ibarət kolleksiya yığır.
Teleqraf.com ARB Şimal-a istinadən xəbər verir ki, maraqlı işə bu ilin əvvəlindən başlayan gənc xanımın kolleksiyasında artıq ötən əsrin ortalarında dəbdə olan 12 gəlinlik libası var. Onların ən qədimi 1960-ci ilə aiddir.
Kolleksiyadakı libaslarda ötən əsrin dəbinin inkişaf mərhələlərini müşahidə etmək mümkündür. Əgər 60-cı illərin gəlinlik paltarlarında gəlinin baş örtüyü əvəzinə kəlağayılardan istifadə olunurdusa, artıq 70-ci illərdə ilk fatalara rast gəlmək olur. Gupur parçalar isə bütün zamanlarda dəbdə olub.
Vəfa Hüseynova kolleksiyasına daxil olan gəlinlik paltarlarını Şabran sakinlərindən toplayıb. Kolleksiyaçı gəlinliklərin sayını artıraraq böyük sərgi təşkil etməyi planlaşdırır.
Qədim gəlinliklər Şabran Tarix Diyarşunaslıq Muzeyində sərgilənir. Kolleksiyaya gəlinlik hədiyyə etmək və sərgi ilə tanış olmaq istəyənlər muzeyə üz tuta bilərlər.