Sabah “Baku Expo” Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - 10-cu Beynəlxalq Təhsil Sərgisi işə başlayır.
Teleqraf.com xəbər verir ki, bu gün sərgi ilə bağlı keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, bu, nazirliyin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan yeganə tədbirdir: “Sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq”.
Cəsarət Valehov vurğulayıb ki, ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı suallara cavab tapmaq imkanı qazanacaqlar: “Müxtəlif layihələrdə olan təhsil brendlərini də sərgidə görmək mümkün olacaq. Bu il həm də Azərbaycanda yeni fəaliyyətə başlayan UFAZ Universitetinin stendləri də əks olunacaq.
Bütün bunlar təhsil nailiyyətlərinin geniş şəbəkədə yayılması, yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat vermək üçün önəmlidir”.
“Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgiyə 14 ölkədən 118 təhsil müəssisəsi qatılacaq. Bütün təhsil sahəsinin mərhələlərini əhatə edəcək sərgidə Azərbaycan universitetlərinin aktiv iştirakı gözlənilir: “Bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər”.
İlhamə ƏBÜLFƏT