12 Oktyabr 2016 14:02
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim bəzən o qədər xəstəm olur ki, müraciət etdiyi gün onları qəbul edə bilmirəm”.

Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) psixiatriya kafedrasının professoru, psixiatr-həkim Nadir İsmayılov Teleqraf.com-a müsahibəsində deyib.

Nadir İsmayılıov bildirib ki, hazırda Maştağadakı Psixi Sağlamlıq Mərkəzi 1850 çarpayılıq olsa da, orada 2200 xəstə var: "Son vaxtlar intihar hadisələri çoxalıb, depressiyaların sayı artıb. Həmçinin, stresslə əlaqədar olan xəstliklər – “psixosomatik xəstəliklər” adlandırılan qruplarda artım var. Lakin şizofreniya, epilepsiya xəstələrinin sayında artım müşahidə olunmur.

Ümumiyyətlə, deməliyəm ki, cəmiyyətdə baş verən hadisələrin bu cür xəstəliklərin sayının artımına təsiri çox böyükdür".

Nadir İsmayılov sözünün davamında bildirib ki, əlimizdə rəsmi statistika olmasa da, yayılan xəbərlərdən, müxtəlif məlumatlardan intiharların sayının günü-gündən artdığını görürük: "Bəlkə də əvvəlki dövrlərə nisbətən 5-6 dəfə artdığını deyə bilərik.

İntiharların əsas səbəbi ictimai problemlərlə bağlıdır - əhali arasında olan gərginlik, gərgin həyat rejimi və s. Məsələn, çox insanlar banklara borclarını qaytara bilmədiklərinə görə depressiyaya düşürlər. Bəzən ailə büdcəsi aşağı olan insanlar arzuladıqları həyat tərzini sürə bilmədiklərinə görə depressiyaya düşürlər, bu cür hallar onların psixikasına mənfi təsir göstərir".

Depressiyadan, stresdən qorunmağın yolları barədə danışan psixiatrın fikrincə, bu məsələdə ən önəmli məqam düzgün rejimli həyat tərzidir: "İnsan hər gün düzgün qidalanmalı, idman etməlidir. Həm fiziki, həm də mənəvi baxımdan istirahəti təmin etmək lazımdır, yəni kitab oxumaq, təmiz havada gəzmək vacibdir. Əks təqdirdə, bu dövrdə, belə bir şəraitdə, bu cür düzgün olmayan rejimlə stressə düşməmək mümkün deyil".


Müəllif:

Oxşar xəbərlər