“Həmişə 5 min illik dövlətçilik tariximizi unutdurmağa, Azərbaycan xalqının əlindən onun dövlətini almağa çalışıblar. Çox təəssüf ki, bu gün Səfəvilər dövlətinə, Şah İsmayıl Xətaiyə qara yaxmağa çalışanlar, I Şah Abbasın bizim dövlət xadimimiz olmadığını sübut etməyə cəhd göstərənlər içimizdə də tapılır”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri AMEA Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov deyib.
Onun sözlərinə görə, Səfəvilər dövlətinin tarixi bizim şərəf tariximizdir: “Birdən-birə 237 il mövcud olan bir imperiya qurmuşuq. Səfəvi imperiyasının tarixini yaradanlar çox ağır döyüşlərdən keçib. Bu gün daxilimizdə və xaricdə Azərbaycan xalqının, elimizin düşmənlərinə cavab verməli oluruq. Səfəvi dövlətinin liderləri imperiya yaratsalar da, heç bir xalqı sıxışdırmayıblar, hər hansı xalqın mədəniyyətini boğmayıblar, tarixi şəxsiyyətlərini edam etməyiblər. Səfəvilər imperiyasının tərkibində irandilli xalqlar da yaşayırdı. O dövrdə irandilli xalqlar böyük mütəfəkkirlər bəxş ediblər. Bu, Səfəvilər dövlətinin dövlətçilik mədəniyyətinin, humanist siyasətinin göstəricisidir”.
Y.Mahmudovun sözlərinə görə, bu gün bizdən şimalda, Avropanın müxtəlif yerlərində, bizimlə dost olan İranda da bəzi tarixçilər Səfəvilər dövlətini Azərbaycan tarixindən silməyə çalışırlar: “Biz İran tarixçilərini dialoqa çağırırıq ki, bu dövləti yaradan Səfəvilər Azərbaycanın türk sülaləsidir. Bu sülalənin kökündə dayanan Şeyx Səfiəddin dünyada köçəndə demişdi ki, mənim cənazəmi götürəndə bilin ki, türk oğlu türkzadəni dəfn edirsiniz. Səfəvilər türk nəsli, Azərbaycan türkləridir. Bu faktı Azərbaycan tarixindən silmək böyük ədalətsizlikdir. Biz deyirik ki, Səfəvilər dövrünün oturaq həyatında, yazı-pozu mədəniyyətində, kargüzarlıq işlərində irandilli tayfalar da rol oynayıb. Onların rolunu inkar etmirik, ancaq Səfəvilər tarixini Azərbaycan tarixindən silmək olmaz”.
Y.Mahmudovun fikrincə, azərbaycanlı tarixçilər İranla dostluq münasibətlərinə sadiq olsa da, elmi mübahisələr davam etməlidir.
Nərgiz