14 Oktyabr 2016 16:20
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

1928-ci il

Hazırkı mətbuat kriminal xəbərlərin və fəlakətlərin məcmuəsini xatırladır. Hər neqativ hadisə yazıya çevrildilir. O vaxt isə gündəlik hadisələr toplanaraq balaca qeyd kimi təqdim olunur, qəzet səhifəsinə düşən hər kriminal xəbərə, çox vaxt isə bir neçə xəbərə cəmisi bir cümlə ayırırdılar.

1928-ci ilin 10 oktyabr sayında “Bakinski Raboçi”nin sutka ərzində Bakıda baş vermiş kriminal hadisələrə həsr etdiyi ümumi qeydə nəzər salaq:

“Kokorevlər ailəsinin qətli. Ailə üzvləri yuxuda olarkən baltalanıb. Qətli yerinə yetirdiyini Xasməmmədov boynuna alıb, ancaq səbəbləri söyləməkdən imtina edir.

Sutka ərzində bir neçə bıçaqlanma hadisəsi qeydə alınıb. 2-ci Naqornıda Mehmanov Rublyova 4 bıçaq zərbəsi vurub. Bibiheybətdə naməlum şəxs tərəfindən bıçaqlanan Xanməmməd Hüseyn oğlunun vəziyyəti ağırdır. Mirzə Fətəli küçəsində Rəhmanovu Əbdülrəşid Həsən oğlu bıçaqlayıb.

Uşaqlar arasında bədbəxt hadisələrin sayı çoxalıb. Sutka ərzində “təcili yardım”a 2 və 3 yaşlarında 12 uşaq gətirilib. Əsas səbəblər: yod və benzindən zəhərlənmə, eyvandan yıxılmalar.

Naməlum şəxslər hərbi limanın təchizat bazasının kassasını yararaq 129 rubl aparıb. Balaxanı rayonunda 4 nömrəli dükandan ət və pul oğurlanıb.

İctimai yerlərdə və küçə xuliqanlığa görə 15 nəfər həbs olunub.

Sutka ərzində Bakıda 9 oğurluq hadisəsi baş verib”.

Vəssalam. İndiki mətbuat olsa, bu məlumatların hər birini “qışqıran” başlıqlı geniş xəbərə çevirərdi.

1931-ci il

Qəzetin 15 oktyabr nömrəsinin mövzularından biri Gəncədə ali təhsilin vəziyyəti ilə bağlıdır. Bu haqda yazı “Gəncənin ali məktəbləri türk pedaqoqlarla təmin edilməyib” adlanır.

Qəzetin məlumatına görə, 1931-ci ildə 100 yeni tələbə təhsilə başlamalı və onların 70 faizi türk (azərbaycanlılar nəzərdə tutulur - Red.) olmalıdır.

Qəzet yazır: “Nəyin bahasına olursa olsun, Gəncənin ali məktəbləri yetərli sayda ixtisaslaşmış türk pedaqoqlarla təmin edilməlidir. Gəncədə çalışmaq üçün səfərbər olunmuş bütün pedaqoqlar dərhal iş yerlərinə gəlib çıxmalıdır. Bu işdə Gəncə partiya və şura təşkilatlarının, habelə Azərbaycan SSR-in bütün təşkilatlarının yardımına böyük ehtiyac var”.

1935-ci il

12 oktyabrda qəzetdə “Bakıda elektroqəzet” yazısı yer alır: “Azərnəşrin binasında Bakıda ilk elektroqəzet quraşdırılır. O, xüsusi aparat vasitəsilə işıq lent-cümləsini yaradan lampaların kombinə olunmuş sistemindən ibarətdir. Qəzet hava qaralanda “nəşr olunmağa” başlayacaq və axşam ərzində bir neçə dəfə təkrarlanacaq. Lentdə bütün son xəbərlər və müxtəlif elanlar yerləşdiriləcək. Qəzeti uzaq məsafədən oxumaq mümkün olacaq. Quraşdırma işləri tamamlanmaq üzrədir və qəzetin ilk nömrəsi oktyabrın sonunda “çıxacaq”.

Elə həmin nömrədə Ağdaşın Pirəzə kəndindəki inkişafdan söz açılır: “Pirəzə ucqar kənddən mədəni kolxoz qəsəbəsinə çevrilir. Burada Ağdaş rayonunun ən iri kolxozlarından biri - Stalin adına pambıqçılıq kolxozu yerləşir. Hazırda Ağdaş rayonunun kəndləri arasında ilk olaraq Pirəzədə elektrik stansiyasının tikintisi başa çatmaq üzrədir və o, 300 kolxoz evinə işıq verəcək”.

14 oktyabr sayında isə qəzet Kirovun adını daşıyan Qızılağac qoruğuna qışlamaq üçün şimaldan quşların uçub gəlməyə başlamasından söz açır. Qəzet yazır: “Artıq ördəklər və bizquyruqlar gəlib.
Bu günlərdə qu quşlarının, qazların və qış mövsümünü qoruqda keçirəcək digər quşların uçub gələcəyi gözlənilir. Qızılağac qoruğu dünyanın bir neçə yerindən biridir ki, burada ən ucqar şimal rayonlarından quşlar qışlayır. Qoruq SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına məxsusdur və burada böyük elmi işlər aparılır”.

1936-cı il

13 oktyabrda futbol üzrə SSRİ birinciliyinin “B” qrupunda keçirilən oyundan - Bakının “Temp” komandası ( İnşaatçıların Həmkarlar İttifaqının futbol komandası - Red.) ilə Moskvanın “Stalinets” klubunun qarşılaşmasından reportaj var. “Dinamo” stadionunda keçirilmiş oyunu 10 mindən çox tamaşaçı izləyib. Bu oyuna qədər hər iki komandanın 15 xalı olub və qalib gələcəyi təqdirdə “Temp” qrup birinciliyini ələ keçirəcəkdi.

Oyun bakılıların qələbəsi ilə bitir - 2:0.

Qəzet habelə xəbər verir ki, bu komandalar oktyabrın 15-də “Dinamo” stadionunda bir daha qarşılaşacaq. Bu dəfə onların arasında yoldaşlıq görüşü keçiriləcək və oyundan toplanan gəlir vətəndaş müharibəsinin davam etdiyi İspaniyadakı qadın və uşaqlara yardım fonduna göndəriləcək.

1944-cü il

Böyük Vətən müharibəsinin davam etdiyi bir dövrdə Qax rayonunun Qax-İngiloy kəndində yeni məktəb binasının açılışı olur. Bu barədə “Bakinski Raboçi” özünün 10 oktyabr tarixli nömrəsində yazır. Məqalədə deyilir: “Meşəli dağların ətəyində, fındıq bağlarının arasında Qax-İngiloy kəndində yeni orta məktəb binası istifadəyə verilir. Məktəbdə 7 sinif otağı, mədəni-kütləvi tədbirlər üçün zal, pioner otağı, müəllimlər otağı və direktor otağı var. Məktəbdə əlli şagird üçün internat təşkil olunur. Hazırda internat üçün yataqxana, yeməkxana və kitabxana quraşdırılır. Müharibə dövrünün çətinliklərinə, tikinti materiallarının və işçi qüvvəsinin çatışmazlığına baxmayaraq məktub rekord qısa zamanda tikilib”.

Elə həmin sayında qəzet Xızı rayonunun Altıağac kəndində yaşayan 79 yaşlı kolxozçu İllarion Rojkovdan bəhs edir. Onun 6 oğlu müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanıb. “Vətənin müdafiəsi üçün bu cür mərd oğullar böyütməyimlə fəxr edirəm” - İllarion Rojkov deyir.

1950-ci il

16 oktyabrda qəzet məqalələrindən birini sadə əmək adamı - Əli Bayramlı adına tikiş fabrikində çalışan staxanovçu Ziba Kərimovaya həsr edib:

“Təcrübəli tikiş ustası Ziba Kərimovanın çalışdığı tikiş aqreqatının ətrafında həmişə gənc işçiləri görmək olar. Gənclər iş növbəsindən kənar vaxtlarında Kərimovanın təcrübəsini öyrənirlər.

Fabrikin texnoloqları Kərimovanın iş qaydalarını müfəssəl öyrənərək mühəndis Kovalyovun metodu ilə onun təcrübəsini gənc kadrlar arasında yayırlar. Nəticədə sexlərdə əmək məhsuldarlığı yetərincə yüksəlib. Hazırda tikişçilər Oktyabr bayramını layiqincə qarşılamağa hazırlaşırlar. Yarışa staxanovçular Cəfərova, Vahabova, Yakubovskaya, Kuzmina, İsmayılova və iş planını 115-120 faiz yerinə yetirən digər ustalar başçılıq edəcək. Fabrik sentyabr proqramını 112 faiz yerinə yetirib...

1955-ci il

“Şamaxı rayonunun Mədrəsə kəndinin siması son illərdə tanınmaz dərəcədə dəyişib. “Pravda” adına kolxozun gəlirləri ilbəil artır. Bu il kolxoz hər bir kolxozçuya əməkgünü olaraq 4 manat 50 qəpik pul, 4,6 kiloqram üzüm, 850 qram şərab, 3 kiloqram taxıl, 400 qram tərəvəz paylayıb”, - “Bakinski Raboçi” oktyabrın 10-da yazır.

Misal üçün kolxozun fəal işçilərindən olan S.Kodabaşovun payına düşən pul və məhsul göstərilir - 6 min manat pul, 5 ton taxıl, 6 ton üzüm, 1200 litr şərab, yarım ton tərəvəz və günəbaxan.

Kənddə vüsət alan ev tikintisi haqda qəzet bu rəqəmləri sadalayır: “Mədrəsədə son iki ildə 110 yeni ev tikilib. Hazırda 40 yeni evin tikintisi davam edir”.

1964-cü il

“Bakinski Raboçi” 10 oktyabr nömrəsində yazır: “Azərbaycanın paytaxtından 11 kilometr aralıda yeni bir şəhər peyda olacaq”. Söhbət Xırdalan şəhərinin tikintisindən gedir.

Hələlik “Kənd ətrafında əyri-üyrü küçələr, daş hasarların arxasında alçaq evlər görünür. Ancaq yeni tikililərin olduğu əraziyə yaxınlaşdıqca canlanma artır”. Beləliklə, Xırdalan kəndi şəhərə çevrilməkdədir: “On minlərlə zəhmətkeş yeni şəhərin 7 mikrorayonunda gözəl və rahat evlərə köçəcək. Yeni sakinlər üçün burada kitabxanalar, məktəblər, uşaq bağçaları və körpələr evi, yeməkxanalar, mağazalar, məişət xidməti emalatxanaları, mehmanxana, mədəniyyt parkı və stadion tikiləcək. Yerüstü keçidlərlə mebel və meyvə-tərəvəz kombinatlarına, dəmir-beton zavoduna və digər sənaye müəssisələrinə getmək olacaq”.

Tikinti işlərinin sürəti də çox yüksəkdir. Yeni şəhərin hər birində 36 rahat mənzil olan ilk 10 yaşayış binası artıq hazırdır, ilin sonuna qədər daha 5 bina təhvil veriləcək. 960 şagirdin təhsil alacağı üçmərtəbəli məktəb binası da hazır olmaq üzrədir. “Yeni şəhərin Xırdalan kəndi ilə yalnız adı eynidir. Şəhərin ərazisi indiki Xırdalanın ərazisindən 15 dəfə böyük olacaq”, - qəzet yazır.

1982-ci il

Oktyabrın 10-da qəzet Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının sənədli və elmi-kütləvi filmlər birliyinin “Axtarışın hüdudları” adlı sənədli filmin çəkilişinə başladığını xəbər verir.

Film diviziya komandiri Cəmşid Naxçıvanskinin həyat yoluna həsr olunacaq. Buraya onun ordu fəaliyyəti ilə bağlı epizodlar, silah yoldaşlarının xatirələri daxil ediləcək. Filmin rejissoru N,Bəkirzadədir. Çəkilişlər Azərbaycanın rayonlarında, Moskvada, Yerevanda aparılacaq...


Müəllif:

Oxşar xəbərlər