19 Oktyabr 2016 17:46
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Axar.az saytının üç yaşı tamam olur. Bu münasibətlə saytın baş redaktoru Anar Niftəliyevlə saytın üç il ərzində gördüyü işlərdən və iş prinsiblərindən danışdıq.

–Anar bəy, Axar.az-ın üç yaşı olur. Ötən üç il, saytı araya-ərsəyə gətirmək, gördüyünüz işlər sizdə yorğunluq, eyni zamanda arxayınlıq yaratmayıb ki?

–Doğrusu, sayt işində arxayınlaşmaq mümkün deyil. Heç bir dəqiqə də... Qısa zaman kəsiyində heç nə olmasa da, texniki qüsurlar ola bilir. Ancaq üç il müddətində Axar.az artıq oturuşmuş sayta çevrilib, öz auditoriyasını, oxucusunu tapıb.

Əvvəlki tələskənliklər, gərginliklər nisbətən arxada qalıb. Saytın yarandığı ilk aylarda daha çox həyəcan və gərginliklə çalışırdıqsa, indi bir az sakit, bir az sabit şəkildə işləyirik. Amma gecə-gündüz işimizdən ayrılmadan... Üç ildə saytımızın rus, ingilis versiyası yaranıb. Yeni bir layihəni də təqdim etməyə hazırlaşırıq.

–Adətən, sayt rəhbərləri deyir ki, sayt da adamın balası kimidir, əlimizi üstündən çəkə bilmirik. Bəs bu qayğı sizi yormur ki?

–Həə, vallah, elədir, uşağımız kimidir. Bildiyiniz kimi, ailə şəraitimlə bağlı uşaqlara daha çox vaxt, diqqət ayırmalıyam. Amma Axar.az-a daha çox vaxt sərf eləyirəm. İşçilər saytda növbələşirlər, axşam işləyən uşaqlar saytın gündüz informasiya yükündən xəbərsiz olurlar. Ona görə də bütün informasiya yükünü daşıyacaq bir adama ehtiyac var. İndiki şəraitdə bu yükü çəkməyə ancaq baş redaktor məhkumdur.

İstər xəbər seçimi, istər saytda gedən xəbərlərin başqa formada təqdimatının qarşısını almaq olsun, bundan biz məsuliyyət daşıyırıq. İndiki uşaqlar redaktorun nə istədiyini çox gözəl bilirlər. Xəttimiz, informasiya mövqeyimiz, redaktə dilimiz, xəbəri təqdim etmə dilimiz, formamız onlara tam aydındır. Ona görə də ilk ilə nisbətən indi iş ağırlığında fərq var. Amma bütün hallarda baş redaktorun nəzarəti, redaktəsi, qayğısı mütləq olmalıdır.


–Anar bəy, az qala hər gün yeni bir sayt açılır. Bu boyda sayt, informasiya çoxluğunda siz nə ilə fərqləndiniz, üç il ərzində ortaya nə qoya bildiniz?

–Bizdə xəbər təqdimatı müasir onlayn medianın prinsiplərindən fərqlidir. Biz çalışdıq ki, mövcud beynəlxalq onlayn mediada olan xəbər dilini, çevikliyini gətirək. Bizdə xüsusilə beynəlxalq xəbərlərdə çox az sözdən istifadə olunur. Xəbəri lakonik, iki-üç cümləylə çatdırırıq. Yəni bunu biz kəşf eləməmişik. Dünyanın ən nüfuzlu xəbər agentliklərində bir cümlədən ibarət belə xəbərlər olur ki, informasiya məkanına bomba kimi düşür.

Bunun səbəbi odur ki, çeviklik yaranıb, oxucular əvvəlkindən səbirsizdirlər, artıq onlar xəbəri telefondan ayaq üstdə, yol gedə-gedə oxuyurlar. Yəni xəbər ovuclarının içinə daşınıb. Onlara xəbərin mahiyyətini mümkün qədər qısa şəkildə çatdırmağa çalışırıq.

Daha bir yenilik istinadları hiperlinklə təqdim etməyimiz oldu.

Filoloq olduğumdan xəbər dilində təmizliyə xüsusilə fikir verirəm. Hətta gecə saat 1-2-dən sonra saytın işi yüngülləşir, amma hamı yatmağa çalışanda mən bütün xəbərləri bir də oxuyuram. İstəyirəm adlar Azərbaycanın dil normalarına uyğun olsun, onları dəqiqləşdirirəm. Hətta heç kəsin oxumayacağı xəbərləri belə admin-paneldə düzəldirəm.

Çox təəssüf ki, yeni nəsil dilin təmizliyinə fikir vermir. Onlar üçün əsas xəbərin mahiyyətini çatdırmaqdır. Bunun da səbəbi onların xəbərə başqa baxışla, texnologiya kimi, dildən kənar baxmalarıdır. Onlar sosial şəbəkələrdə yazışmağa o qədər öyrəşiblər ki, xəbər də bu cür yanaşırlar.

Ancaq mən xəbəri dildən kənar görmürəm. Dilə qarşı çox həssasam. Gücüm çatdıqca dilimizi qorumağa çalışıram. Hətta saytda çalışan dostlarıma da yazıram ki, sən canın, o sözü düzəldin, elə yazılmır. Düzdür, dili ideal şəkildə qorumaq mümkün deyil. Çünki xəbər axını çox sürətlidir. Sayta iki-üç dəqiqə intervalla xəbər yerləşdiririk. Gün ərzində tutaq ki, 200-300 xəbər veririksə, bunu min xəbərin içindən seçirik. Min xəbəri oxuyub, məlumatlanıb, onun içindən seçirik. Bu da çox böyük yükdür. Ona görə də birdən nə isə gözümüzdən qaçır, səhvlərimiz də olur.

Amma sevinirəm ki, Axar.az-ın öz dəsti-xətti, üslubu, oxucu auditoriyası var. Reytinq göstəricisinə və oxucu rəylərinə görə yüksəkdəyik.

–Necə ki min xəbərin içindən lazımi xəbərləri seçmək çətindir, eləcə də bu gün bu qədər jurnalistin içindən uyğun jurnalisti tapmaq çətindir. Saytda çalışmaq üçün müracitə edənlərdən kimləri seçirsiniz, hansı məqama üstünlük verirsiniz?

–Biz orta nəsil hesab olunuruq, artıq yaşlanmağa doğru gedirik. Saytı quranda hamı gözləyirdi ki, mən öz nəslimi – gənclikdən bir yerdə olduğum uşaqları, dostlarımı yanıma yığacam. Onlar adlı-sanlı jurnalistlər, tanınmış imzalardır.

Ancaq ilk gündən qərar verdik ki, biz gənclərlə işləyəcəyik. Gənclər gəlməli, öyrənməlidirlər. İndi redaktorlar gənclərin üstündə əziyyət çəkməyə tənbəllik edirlər. Biz başa düşməliyik ki, yeni nəsil gəlir, öz üslubu, təfəkkürüylə... Onlar gənc olsa da, öz baxışları var. Sadəcə müəyyən təcrübələri yoxdur, onu da vermək lazımdır.

Bizim komanda – məni, Pərviz Cəbrayılı və Faiq Balabəylini çıxmaq şərtiylə – gənclərdən ibarətdir.

Sayta çox uşaqlar gəlib, bir neçə gün işləyib gedənlər də olub, qalanlar qalıb. Səmimi deyim ki, ilk növbədə onların yazı dilinə baxmışam. Əgər onlar bu dildə özlərini ifadə edə, informasiyanı çatdıra bilirlərsə, qalırlar. Bir-iki xəbərlə müəyyən edirəm ki, onlar qalacaq, ya gedəcək.

–Gənclərlə işləyirsinizsə, onlar həm də sizin yetirmələriniz hesab olunur. Onlara saytın prinsipləri, xəbər üslubundan başqa hansı qızıl peşə qaydalarını aşılayırsınız?

–Belə qaydalar çoxdur. Onu bir gündə, bir saatda öyrənmək olmur. Mən də bu qaydaları müəllimlərimdən öyrənmişəm, indi də onları öyrətməyə çalışıram. Ancaq belə söhbətlər əvvəllər daha tez-tez olurdu. Hər gün yarım saatlıq toplantılarımız olurdu. Ancaq bizə son gələn uşağın artıq bir ili tamam olub və onlar bizim üslubumuzu da, yazılmamış qanunlarımızı da bilirlər.

Hətta mən artıq deyəndə ki, bir az cəld olun, hansı mövzunu necə işləmək haqqında heç nə demirəm. Onlar artıq bilirlər ki, mən nəyi nəzərdə tuturam. İnternetin kəsilməyindən tutmuş xəbərin səhv verilməsinədək hər cür axsamalarımız olur, amma komanda artıq bir-birini başa düşür.

–Baş redaktorsunuzsa, əsas məsuliyyət sizin üzərinizdədir və işin gedişatı naminə yəqin ki, gərgin anlar da yaşanır, sərtləşirsiniz. Bu mənada özünüzü necə rəhbər hesab edirsiniz?

–Mənim haqqımda belə bir rəy var ki, Anar bir az sərt adamdır. Hə, məndə səbirsizlik var. Hərdən xırda bir səhvi böyüdür, milçəyi fil eləyirəm. Bəzən də səsim-küyüm aləmi başına götürür. Ancaq ona sevinirəm ki, bu üç ildə bizim gənclər əmin oldular ki, mənim bu sərtliyim, əsəbim onların xeyri üçündür. Saytımız üçündür. Onların şəxsiyyətinə yönəlik əsəb deyil. Onların işinə, işlərin keyfiyyətinə yönəlik gərginlikdir. Bu da onların inkişafına xidmət edir. Onlar dediklərimə tam əməl eləyəndə mənim gözümün işığına çevrilirlər. Onda onlara çay da süzürəm, meyvə doğrayıb gətirirəm. Amma nöqsan olanda bu, məni narahat edir və çox əsəbiləşirəm.

Bir şey məni narahat edir ki, bu, onları gərginlikdə saxlayır. O şəkildə işləmək olmur. Fikirləşirlər ki, birdən nə isə səhv eləyəcəm, yenə aləm qarışacaq. Amma bizim işimizin xarakteri gərginlikdir. Xəbərə bax, ora qaç, bunu düzəlt, hər şeyi süzgəcdən keçir... Hamısı da sürətlə olmalıdır. İndi daxili sabitliyimiz olsa belə, işimizin mahiyyətində gərginlik var. İstər-istəməz o gərginlikdə də qalırıq. Bu da özünü işimizdə də göstərir.

Ancaq uşaqlar bilir ki, mən onları balam qədər çox istəyirəm, öyrəşiblər artıq. Burda elə uşaqlar var ki, artıq təkbaşına sayt idarə etməyə qadirdilər. Bu da o sərtliyin nəticəsidir.

–Bu günün oxucusu daha məlumatlıdır, informasiya onlar üçün daha əlçatan olub. Yəni asanlıqla Axar.az-ı başqa bir saytla əvəz edə bilərlər. Bunun olmaması üçün hansı yeniliklər edirsiniz? Yeni bir layihənin olacağından da söz açdınız...

–Doğrudur, oxucunu əldə saxlamaq çətindir. Amma tək buna görə yox, ümumiyyətlə sayt yenilənməlidir. Yaxın zamanda yeni layihəmiz təqdim olunacaq.

Onlayn media o qədər sürətlə inkişaf edir ki, onunla ayaqlaşmaq üçün vaxtaşırı özün də yenilənməlisən. Bir az yerində sayan kimi, arxayın olan kimi oxucu dərhal bunu hiss eləyir və küsüb gedir. Mən saytda bir az geriləmə olan kimi deyirəm, bu dəqiqə oxucuları küsdürəcəksiniz, gedəcəklər. Həm də özüm istəyirəm ki, yeniliklərdən geri qalmayım, gücümüz, pulumuz çatan qədərini reallaşdıraq.

Arzularımız çoxdur, bu istiqamətdə də çalışırıq. On il əvvəlkindən fərqli olaraq, indi bütün dünya az qala informasiyayla idarə olunur. İndiki informasiya təzyiqində, güvəndiyimiz xəbər agentliklərinin, portallarının informasiya manipulyasiyasına xidmət etdiyini, haqqımızda yanlış rəy yaratmağa çalışdığını görəndə adam daha ehtiyatlı olmağa başlayır. Hər bir sayta hər saat yeni gözlə baxmaq lazımdır. Xəbər təzyiqinə dözməli, bəzi məqamlarda isə xəbər təzyiqini özümüz göstərməliyik.

Sevinc Fədai

Foto: Samir İsayev


Müəllif:

Oxşar xəbərlər