Sumqayıt Apellyasiya Məhkəməsində rüşvət almaqda təqisirləndirilən Paşa Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
"Report"un xəbərinə görə, hakim Hüseyn Nəbiyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 11-nə təyin edilib.
Qeyd edək ki, P.Məmmədov Xızı rayonun Arxiv idarəsinin əməkdaşı olub. O, Xızı rayon sakini Kərimulla Kərimovdan torpaq sənədləşməsi adı ilə 2500 manat pul istəyib. Zərərçəkmiş isə ona 1300 manat pul verib, lakin P.Məmmədov verdiyi vədə əməl etməyib. K.Kərimovun polisə müraciətindən sonra P.Məmmədov saxlanılıb. Onun barəsində polis nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib.
P.Məmmədov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.