Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Almaz Axundovanın həyata keçirdiyi layihə çərçivəsində Qax və Oğuz rayonlarında gənclərə görüşlər təşkil olunub.
"Qiraət istirahətdir" adlanan layihənin mahiyyətinə uyğun olaraq, Rusiyalı politoloq və hüquqşünas alim Oleq Yuriyeviç Kuznetsovun "20-ci əsrdə transmilli erməni terrorizmi. Tarixi - kriminoloji tədqiqat" kitabı hər iki rayonda oxucuların müzakirəsinə çıxarılıb.
Rayonların rəhbər vəzifəli şəxsləri, yerli ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və yeniyetmələrin qatıldığı müzakirələri kitabın müəllifi şəxsən özü aparıb.
Oleq Kuznetsov bildirib ki, Azərbaycan xalqına qarşı illərdir aparılan məkrli siyasətin iç üzü faş edilməli, tolerantlığı ilə seçilən əhalinin rahat yaşayışına yönələn bütün silahlı və qeyri silahlı təhdidlərin qarşısı alınmalıdır. Natiq çıxışında erməni terrorizminin tarixi köklərinə ekuskurs edərək, vəziyyətin bu həddə çatmasının səbəblərindən danışıb və qələmə aldığı kitabı oxuyaraq müzakirəyə çıxaran gənclərə və bu layihəyə dəstək olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna minnətdarlığını dilə gətirib.
Layihənin ilk günlərində Kitab auditoriyanı təşkil edən gənclərə PDF formada paylanıb və onlar erməni terrorizmindən bəhs edən nəşrlə yaxından tanış olublar.
Müzakirələrdə azərbaycanlı gənclərin erməni vəhşiliyindən bəhs edən əsərdəki bir çox faktlarla ilk dəfə rastlaşdıqları məlum olub. Müəllif bunu onunla əsaslandırıb ki, qanlı faktlar ən zəngin arxivlərdən müxtəlif dillərin tərcüməsi nəticəsində aşkara çıxıb.
Gənclər deyiblər ki, düşmənin vandal düşüncəsinin dünyanın bütün insanlarına ziyan verdiyi üçün "20-ci əsrdə transmilli erməni terrorizmi. Tarixi - kriminoloji tədqiqat" kitabının sosial şəbəkələrdə geniş təbliğatını quracaqlar.
Layihə Gənclər Fondunun fərdlər üçün nəzərdə tutulan 8-ci qrant müsabiqəsində qalib olub və 3 ay müddətində həyata keçiriləcək. Növbəti görüşlər Ağstafa və Bakıda olacaq.
Layihənin davamlılığını təmin etmək məqsədi ilə kitabın PDF formasının disklərə yazılıb ölkə sərhədlərindən kənarda paylanamsı nəzərdə tutulur. Bu proses kənardan heç bir maliyyə dəstəyi olmadan könüllülük prinsipi əsasında aparılacaq.