20 Noyabr 2016 16:54
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Balaxanı Sənaye Parkında olublar. Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı deputatlar əvvəlcə “Təmiz Şəhər” ASC-də olublar. Burada parlamentarilərə səhmdar cəmiyyətin fəaliyyəti və reallaşdırdığı layihələr barədə məlumat verilib.

Sonra deputatlar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi və Bakı bərk məişət tullantılarının yandırılması zavodlarının fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu məişət tullantılarının çeşidlənməsi və ölkədə təkrar istehsal biznesinin inkişaf etdirilməsi məqsədilə yaradılıb. Zavodun illik gücü 200 min tondur.

Bakı bərk məişət tullantılarının yandırılması zavodu ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, müəssisə il ərzində 500 min ton tullantı yandırmaq və 231 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə tam təmin etmək mümkündür.

Sonra parlamentarilər Balaxanı Sənaye Parkında olublar. Yeddi hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkında məişət tullantılarının emalı və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulur. Sənaye parkında təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaradılıb. Parka əsasən təkrar emalla məşğul olan müəssisələr cəlb edilir. Hazırda sənaye parkının işlənmiş mühərrik yağlarının, pet butulkaların, karton məmulatlarının emalı, plastik məmulatlar və mebel istehsalı ilə məşğul olan 5 rezidenti var. Rezidentlər tərəfindən sənaye parkına 23,4 milyon manatdan çox investisiyanın yatırılması, həmçinin 300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sənaye parkında fəaliyyət göstərməkdə maraqlı olan potensial rezidentlərlə mütəmadi şəkildə görüşlər keçirilir və “yaşıl biznes” üçün faydalı olacaq layihələr dəyərləndirilir.

Zavodlarla tanışlıq zamanı deputatları maraqlandıran suallar cavablandırılıb, sənaye sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, qeyri-neft sənayesinin davamlı inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafında və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye zonaları mühüm əhəmiyyət kəsb edir. Müasir infrastruktura malik, qabaqcıl texnika və texnologiyalar tətbiq olunmaqla yaradılan sənaye parkları, həmçinin rəqabətqabiliyyətli və idxalı əvəz edən məhsul istehsalının genişləndirilməsi, ixrac qabiliyyətinin artırılması, investisiyaların və müasir texnologiyaların cəlb olunması baxımından da önəmlidir.


Müəllif:

Oxşar xəbərlər