Son üç il ərzində dünya turu edən “Five Roads Back Home” (Evə aparan beş yol ) adlı fotosərgi, nəhayət, 24 noyabr tarixində Londona da ayaq açıb. Sərgidə məşhur alman fotoqrafı Filip Ratmerin əsərləri sərgilənir.
Avropa Azərbaycan Cəmiyyətindən Teleqraf.com-a verilən məlumata görə, Londondakı “Old Truman Brewery” qalereyasında nümayiş etdirilən fotoşəkillərdə bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin təsirli və emosional simaları qara fonda yaxın rakursdan çəkilib. Sərginin ziyarətçiləri arasında millət vəkili Bob Blekmanın rəhbərlik etdiyi Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun 4 üzvü də olub. Qrupun üzvləri dəfələrlə Azərbaycana səfər edərkən azərbaycanlı qaçqın və məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə, yaşayış məntəqələrinə baş çəkiblər. Onların həyat şəraiti ilə yaxından tanış olublar.
Qeyd edək ki, fotosərginin açılış mərasimi “London Live”, türk və Azərbaycan televiziya kanalları da işıqlandırılıb.
Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin London ofisinin direktoru Cek Peqoraro deyib: “Ötən əsrin 90-cı illərinin əvvəlindən başlayaraq Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionuna hücum edərək onu və yeddi bitişik rayonu işğal edib. Bütün etnik azərbaycanlılar ya Xocalı kimi qırğınlar zamanı öldürülüb, ya da öz evlərindən qaçaraq Azərbaycan ərazisində məcburi köçkün və qaçqın düşərgələrində məskunlaşmağa məcbur olublar. Bu günə qədər heç kəs öz doğma torpağına qayıda bilməyib. Mən 7 il ərzində Azərbaycana səfər etmişəm. Hər dəfə məcburi köçkün düşərgələrini ziyarət etməyi özümüzə borc bilmişik. Dünya ictimaiyyəti tərəfindən tamamilə unudulmuş insanları görmək ürək dağlayır. Onlar hələ də ümid edirlər ki, Böyük Britaniya kimi nüfuzlu ölkələr onların məsələsi ilə məşğul olacaq və onların evlərinə qayıtmağına yardım edəcək. Avropa Azərbaycan Cəmiyyətinin vəzifəsi bu insanların hüquqları uğrunda mübarizə aparmaqdır”.
Azərbaycan Respublikasının Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə qeyd edib ki, gələn ilin fevral ayında erməni işğalçılarının ən böyük vəhşiliyi olan, 613 mülki şəxsin qətlə yetirildiyi Xocalı qırğınının 25 illiyi qeyd olunacaq. Diplomat TEAS tərəfindən təşkil olunan sərgini uğurlu layihə kimi dəyərləndirib: “Bu sərgi ona görə uğurludur ki, burada insan faktoru ortaya qoyulur. İnsanların yalnız bu simalara baxması kifayətdir. Bütün bu insanlar, təəssüf ki, hazırda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı ermənilərlə qonşu olublar. Onların hamısı öz evlərindən zorakılıqla qovulublar. Təşəkkür edirəm, cənab Ratmer. Bu növ layihə çatışmırdı. Ona görə ki, o, münaqişə qurbanlarına insan elementini gətirir. Azərbaycan qan və ya intiqam istəmir – biz bu cür insan faciələrinin bir daha təkrarlanmamasını istəyirik”.
Öz növbəsində Filip Ratmer vurğulayıb ki, Dağlıq Qarabağ dünyanın unudulmuş münaqişələrindən biridir: “Atəşkəs çox kövrək bir sülhü qoruyur. 2012-ci ildə mən münaqişə qurbanlarının yaşadığı düşərgələri ziyarət etmişəm. Bu insanlar mənə öz taleləri, ümidləri və qorxuları haqqında danışıb – bəziləri çox həvəslə, bəziləri isə müəyyən təmkinlə. Bu şəkillər münaqişənin qurbanı olmuş tərəflərdən birini göstərir, evlərini məcbur tərk etməyə məcbur olan tərəfi. Onlar dünyanın bir çox müharibələrində məcburi köçkün olmuş bütün insanları təmsil edirlər. Onların hamısının bir istəyi var: işğal edilmiş rayonlara aparan beş yoldan birini seçmək istəyir”.