Azərbaycan Tarif (qiymət) Şurasının noyabrın 28-də keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının və dərman vasitələrinin yeni qiyməti təsdiq edilib, Şuranın daha əvvəlki qərarı ilə müəyyənləşdirilmiş qiymətlər manatın yeni məzənnəsinə uyğun dəyişdirilib. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Yeni tariflər sosial şəbəkələrdə bəzi şəxslərin tənqid hədəfinə tuş gəlib. Xüsusilə, radikal müxalifət cinahına aid insanlar yeni tarif tənzimlənməsi üzərindən manipulyasiya etməyə cəhd ediblər. Halbuki, ötən illər ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Noyabrın 28-də verilən qərarda da ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.
Differensiallaşdırma və optimallaşdrıma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir.
Azərbaycanda tariflərin diffirensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir.
Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, diferensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.
Beləliklə, differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Ancaq yeni qərardan sui-istifadə hallarına yol verildiyi açıq-aşkar görünür.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Tarif Şurasının verdiyi qərar mövcud iqtisadi reallıqla əsaslandırılır. Onun sözlərinə görə, uzun illərdir Azərbaycanda enerjidaşıyıcılarının qiymətinin artırılmadığı nəzərə alınmalıdır: “Bu mənada düşünürəm ki, bunu daha yaxşı başa düşmək olar. Əslində isə Tarif Şurası qiymətlərdə diferensiallaşma apararkən əhalinin aztəminatlı təbəqəsinin mənafelərini diqqətə alaraq bunu edib. Təbii ki, bu da həm aztəminatlı ailələrin sosial təminatının gücləndirilməsinə xidmət edəcək, həm də Azərbaycanın aparıcı iqtisadi sektorlarından biri olan enerji sektorunun bundan sonrakı mərhələdə də inkişafını təmin edəcək və nəticələrə gətirib çıxaracaq”.
H.Babaoğlu qeyd edib ki, qiymətlərin artırılması prosesində sosial ədalət prinsipi gözlənilərək məhz hazırkı vəziyyətlə balanslaşdırma, tarazlaşdırma siyasəti həyata keçirilir: “Ona görə də düşünürəm ki, Tarif Şurasının verdiyi qərar əhalinin aztəminatlı təbəqəsinin maraqlarına zərbə vurmamaqla bərabər, eyni zamanda, Azərbaycanın iqtisadi sektorunun, o cümlədən enerji sektorunun gələcək inkişafı üçün də müəyyən iqtisadi, maliyyə şərtləri yaradacaq”.
Səxavət HƏMİD