“Əvvəla, Lapşinin Azərbaycana təhvil verilməsi hüququn aliliyidir. Bilirsiniz ki, Minsk konvensiyası var və bu konvensiyaya qoşulan dövlətlər ekstradisiya məsələsinə hörmətlə yanaşmalıdırlar. İkincisi, Lapşin Beynəlxalq Cinayət Polisi İdarəsi – İnterpol xətti ilə axtarışa verilib və bu beynəlxalq təşkilata üzv olan dövlətlər tərəfindən də qərarın icrası məcburidir. Amma bu məsələnin həlli ilə bağlı Belarusa həm Rusiya, həm də İsrail tərəfindən öz vətəndaşlarının hüquqlarını qorumaq adı altında göstərilən təzyiqlər qanuna zidd idi. Hesab edirəm ki, Lukaşenko bir daha sübut etdi ki, Belarusda qanunlar işləyir və beynəlxalq hüquqa hörmətlə yanaşılır”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Belarus-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Çingiz Qənizadə deyib. O bildirib ki, Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan dövlətinin başçısı arasında çox isti, sıx, mehriban münasibətlər var.
Onun sözlərinə görə, ölkə rəhbərləri arasında olan dostluq əlaqələri təbii ki, Azərbaycan və Belarus xalqları arasında da dostluq əlaqələrinin inkişafına xidmət edir: “Bu gün Belarusda çoxlu sayda iş adamları iş qurublar. Təbii ki, onlar qanunlar çərçivəsində fəaliyyət göstərirlər, heç bir problemləri yoxdur. Eyni zamanda bu ölkəyə gedənlər orda doğrudan da qanunların aliliyini görürlər. Sanki keçmiş SSRİ dövrünə qayıdırlar və hər şey qanunla, insanların bir-birinə hörmətli davranışı ilə tənzimlənir”.
Ç.Qənizadə qeyd edib ki, A.Lapşinin Azərbaycana təhvil verilməsi diplomatiyamızın və hamılıqla qəbul olunmuş beynəlxalq hüquq normalarının qələbəsi kimi dəyərləndirilə bilər: “Lapşinin gələcək taleyinin necə olacağı, cənab Prezidentin onu əfv edib-etməyəcəyini zaman göstərəcək. Amma Lapşinin Azərbaycana verilməsi onun kimi yaramaz hərəkətlərlə Azərbaycan ərazisinə qanunsuz daxil olub fəaliyyət göstərənlərə bir mesaj olacaq. Onlar qanunsuz fəaliyyətlərinə görə Azərbaycan dövlətinin qanunları qarşısında cavab verəcəklər. Ona görə də hesab edirəm ki, Lapşinin Azərbaycana gətirilməsi vacib şərt idi. Müvafiq hüquq-mühafizə orqanlarının və dövlətin digər qurumlarının apardığı danışıqlar və əsaslı ittihamların təsdiq edilməsi ilə bu məsələ müsbət həll olundu. İnanıram ki, bu, başqalarına da dərs olacaq”.
Səxavət