Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi "Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar keçirib.
FHN-in Sumqayıt Regional Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əməkdaşları iştirak ediblər.
Əsas məqsəd müəssisələrdə çalışan əməkdaşların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Seminar-müşavirədə "Fövqəladə halların təsnifatı”, "Zəlzələ zamanı necə davranmalı”, "Sel və daşqın zamanı nə etməli”, "Məişətdə yanğın zamanı davranış qaydaları”, "Odsöndürən balonlardan istifadə”, "Meşədə yanğın təhlükəsizliyi qaydaları”, "Dəm qazı” və "112 qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub.
İlhamə ƏBÜLFƏT