Hər birimiz toyda onları görmüşük. Bəylə gəlin şadlıq evinə daxil olanda mələk paltarında qızlar onların qarşısında rəqs edə-edə gül atırlar.
Bəzən bu “mələk”lər toyun son saatlarına kimi gözləyir, üzərində alov yanan plovu bəylə gəlinin stolu üstünə qoyurlar...
9 yaşlı Səma deyir ki, axşamlar şadlıq evlərində “mələk” işləyir: “Əvvəllər demək olar ki, hər gün toylara məni “mələk” kimi çağırırdılar. İndi həftədə 1 dəfə, yaxud iki həftədə 1 dəfə gedirəm. Toylar daha əvvəlki kimi bol deyil.
Təşkilatçılığı bir musiqi məktəbinin müəlliməsi edir. Qrup halında gedirik, 6 qızıq. Toy günü zəng edirlər, axşam saat 5-də şadlıq evində oluruq. Müəllimə bizə toyda oynayacağımız rəqsi məşq etdirir. Biz də bəylə gəlin saraya daxil olan kimi həmin rəqsi edirik, gülləri atırıq.
Bizə 6 manat çatır. Bəzən bəy, yaxud bəyin atası bizə əlavə pul verir. Həmin pulları yığıram, ğzümə bir şey alıram”.
Bayram və bu kimi başqa tədbirləri təşkil edən Fuad Əliyev deyir ki, artıq “mələk”ləri toya dəvət etmək dəbdən düşüb: “Biz toylarda 15 yaşdan yuxarı qızların “mələk” kimi çıxış etməsini fikirləşmişik. Yəqin bu qrup aprelə kimi hazır ola bilər. Əvvəllər balaca uşaqların toylarda “mələk” kimi çıxışını təşkil edirdim. Daha təşkil edə bilmirəm. Bunun 20 minə yaxın cəriməsi var”.
Təşkilatçı deyir ki, toy və ya müsəssisə sahibinin kimliyinə əmin olanda “mələk”ləri təşkil etməkdən çəkinmir: “Məndən “mələk” istəyən desə ki, arxanda dayanmışam, narahat olma, onda əmin oluram, arxayınlaşıram, “mələk”ləri restorana gətirəm. Bu, problem deyil, amma başqa hallarda riskə getmirəm”.
Hüquqşünas Fariz Rəhimov deyir ki, ölkə qanunvericiliyinə görə, 15 yaşından aşağı uşaqların işə götürülməsi qadağandır. 15 yaşdan yuxarı uşaqlar isə yalnız valideynlərinin icazəsi ilə həftədə 24 saat işləyə bilərlər.
Toylarda “mələk” kimi işləyən uşaqlar faktiki əməyə cəlb olunurlar ki, bu da birbaşa hüquq pozuntusudur. Şadlıq evlərində əməyə cəlb olunan qız uşaqlarına “mələk” paltarları geyindirir, bəylə gəlin saraya daxil olan zaman onlara gül tökməyə məcbur edilir. Bu şadlıq evinin sahibləri, tərəfindən uşaq əməyinin istismarıdır”.
Hüquqşünasın sözlərinə görə, bəzən balaca qızlar toylarda “mələk” olmqdan başqa, plov da gətirirlər: “Plovun üzərində alov olur, onlar rəqs edəndə hər hansı hadisə baş verə bilər”.
İlhamə ƏBÜLFƏT