Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara təbrik ünvanlayıb.
Teleqraf.com-un Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təbrik mətnində deyilir:
“Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm.
Azərbaycan qadınları tarix boyu kişilərlə birlikdə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstəriblər.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların xalqa, cəmiyyətə layiqli övlad kimi yetişdirilməsi üçün üzərinə düşən ağır yükü şərəflə daşıyır.
Torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini hörmət və ehtiramla yad edir, bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçuların ömür-gün yoldaşlarına və Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırıram.
Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir və Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.
İnanıram ki, Ordumuzda xidmət edən qadınlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklər.
Bayramınızı bir daha təbrik edirəm!”