Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036) ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:
1. 3.1.4-cü yarımbənddə “qeydiyyatına” sözündən sonra “, o cümlədən qabaqcadan qeydiyyata” sözləri əlavə edilsin.
2. 3.1.5-ci yarımbənddə “və təmirli” sözləri “və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli” sözləri ilə əvəz edilsin.
3. 3.1.8-ci yarımbənddə “85” rəqəmləri (hər iki halda) “90” rəqəmləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133; 2016, № 6, maddə 1036) 3.5-ci bəndində “və təmirli” sözləri “və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli” sözləri ilə əvəz edilsin”.
***
Prezident İlham Əliyev Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədilə qərara alıram:
1. “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə aşağıdakı tərkibdə Texniki Şura yaradılsın:
Şuranın sədri
Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi
Şuranın üzvləri:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi;
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi;
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi;
yerli icra hakimiyyəti orqanlarının nümayəndələri.
3. Müəyyən edilsin ki:
3.1. sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir;
3.2. Texniki Şuranın fəaliyyəti müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiqi yolu ilə “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında təşkil edilir;
3.3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yalnız müvafiq inzibati ərazi vahidləri üzrə “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzlərində) yaradılmış Texniki Şuranın tərkibinə daxil edilirlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. beynəlxalq təcrübəni nəzərə almaqla, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. əhalinin elektrik enerjisinə artan tələbatının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə 2018 – 2020-ci illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrindəki dövlət investisiya proqramlarında Bakı şəhərində 220 kV-luq üç yarımstansiyanın tikintisi və maliyyələşdirilməsinin nəzərdə tutulması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti:
5.1. rayon və şəhərlər üzrə enerji təchizatı şəbəkələrinin hər bir yarımstansiya və transformator məntəqəsi, habelə onlarda olan sərbəst güclər və qoşulma imkanları haqqında məlumatların (mütəmadi yenilənməklə) bir ay müddətində Azərbaycan Respublikasının Energetika Nazirliyinə verilməsini təmin etsin;
5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulmuş məlumatların (mütəmadi yenilənməklə) iki ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyi:
6.1. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq verilən məlumatların üç ay müddətində öz rəsmi internet saytında yerləşdirilməsini təmin etsin;
6.2. bu Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət orqanlarının və qurumlarının hər birindən bir nümayəndə olmaqla, on gün müddətində hər bir “ASAN Kommunal” mərkəzində (“ASAN Kommunal” mərkəzi yaradılmayan regionlarda – bu mərkəz yaradılanadək “ASAN Xidmət” mərkəzində) Texniki Şuranın formalaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versi
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə birlikdə beynəlxalq təcrübəni və bu Fərmanla təsdiq edilmiş Qaydanın tələblərini nəzərə almaqla, sahibkarların tələb olunan gücü 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması prosedurunun sadələşdirilməsi, bununla bağlı tələb olunan müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
8. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və bu Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət orqanlarına və qurumlarına tapşırılsın ki, bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Texniki Şuranın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Azərbaycan Respublikasının Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti və rayon (şəhər) icra hakimiyyəti orqanları bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.