Dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır və bu rəqəm hər il artmaqdadır. Azərbaycanda da bu sindromdan əziyyət çəkən yüzlərlə uşaqlar var.
Autizm sözü yunanca “autos” sözündən götürülmüş və mənası “öz” və ya “özü” deməkdir. İlk dəfə autizm sözündən məşhur isveçrəli psixiatr E. Bleuler istifadə edib.
Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına mane olan bir sindromdur.
BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 Aprel – Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü kimi təsis olunub.
Belə bir gün təsis edildikdən sonra dünyaca məşhur “Autism speaks” cəmiyyəti bu günlə əlaqədar “Light it up Blue” (“Mavi işıqla işıqlandır”) layihəsini həyata keçirməyə başlayıb. Həmin gün Yer kürəsinin müxtəlif ölkələrində ən görkəmli binalar autizmi simvolizə edən mavi rəngdə işıqlandırılaraq 2 Aprel tarixini Ümumdünya Autizm Haqqında Məlumatlandırma Günü olduğunu insanlara çatdırır. Məqsəd isə əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir. İlk dəfə 2010-cu ildə ABŞ-da həyata keçirilən bu aksiya hazırda 8 qitə, 146 ölkə və 650 şəhəri əhatə edir.
Bu gün bütün dünya ölkələrində olduğu kimi artıq Azərbaycan Respublikasında da geniş miqyasda qeyd edilir.
2012-ci ildə Heydər Əliyev Fondunun və YUNİSEF-in dəstəyi ilə ölkəmizin paytaxtı Bakı şəhəri də 2 aprel tarixində beynəlxalq miqyasda qeyd olunan “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulub.
2013-cü ildə isə Heydər Əliyev Fondunun, YUNİSEF və “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin birgə layihəsi əsasında Bakı Four Seasons Oteli mavi işıqla işıqlandırılıb.
“Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, KİV nümayəndələrinin, autizm sindromlu uşaqların və valideynlərin iştirak ilə keçirdiyi tədbirdə Ombudsman Elmira Süleymanova əlilliyi olan şəxslərin, o cümlədən autizm sindromlu insanların, habelə bu qəbildən olan uşaqların hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Bu sahədə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə reabilitasiya mərkəzlərinin yaradılması, onların yeni avadanlıqlarla təmin olunması və müasir tərzdə fəaliyyət göstərməsi yüksək qiymətləndirilmiş, eyni zamanda gələcəkdə autizm sinromlu uşaqlar üçün də belə mərkəzlərin yaradılmasının arzuolunan olunduğu vurğulanıb.
E.Süleymanova birgə əməkdaşlığa, autizmlə bağlı qanunvericiliyin yenidən müzakirəsi və müsbət dəyişiklikyə nail olmasına görə “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin Diplomu ilə təltif olunub.
Tədbirdə millət vəkili Qənirə Paşayeva, Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli, “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyətinin üzvü Ayyu Kütep, Niderland Azərbaycan Evinin sədri Elxan Mirhəşimli, “Sağlamlığın Qorunması” İctimai Birliinin sədri Yazgül Abdıyeva, Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı defektoloq-loqoped Şəfəq Məmmədova və digərləri çıxış edərək autizm sinromlu şəxslərin, habelə onların valideynlərinin mövcud cətinlikləri və onların həlli yolları barədə fikirlərini bildiriblər.