Bu gün Qlobal Karyera İnstitutunun və San Dieqo Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində SİTEM Akademiyasının açılışı olub.
Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində Universitetinin İdarə heyətinin rəhbərləri, dekanları və professor-müəllim heyəti seminara qatılıblar.
Tədbirdə çıxış edən Global Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu bildirib ki, uzun illər rəhbəri olduğu Qlobal Karyera İnstitutu San Dieqo Universiteti ilə əməkdaşlıq edir və bu əməkdaşlıq gələcəkdə təhsil sahəsində böyük layihələrin həyata keçirilməsinə hesablanıb:
“Bizim məqsədimiz Azərbaycan təhsili daha da inkişaf etdirməkdir. Bu gün dünyanın müxtəlif ölkələrində çalışıb, fəaliyyət göstərsək də, doğma vətənimizə, millətə layiq olmağa çalışırıq. SİTEM akademiyası dünyanın sürətlə inkişaf edən elmi-texniki yeniliklərinin yeni bir ideayasını reallaşdıracaq. İnsanlar elmin dərinliklərinin öyrənməklə gələcəyə yeni bir baxış əldə edəcəklər. Bu günki bir günlük təlimdə məlumatlar alıb, gələcək elmi fəaliyyətinizi San Dieqo Universitetində davam etdirə bilərsiniz”.
San Dieqo Universitetinin idarə heyətinin rəhbəri Jenner Edelman çıxışı zamanı bildirib ki, bu layihə Azərbaycandakı ilk layihədir: “İstəyirik ki, burdakı sahələri genişləndirək. Təkcə Bakıda deyil, paytaxt ətrafı yerlərdə də layihələrimiz olacaq. İstəyirik ki, beynəlxalq bir layihə olsun və dünyanın hər yerindən bu layihə ilə maraqlansınlar. Biz layihələrin genişləndirməsinə qərar verən zaman tələbələr seçəcəyik”.
Jenner Edelman qeyd edib ki, Azərbaycanda ingilis dili qabiliyyəti yüksək olan tələbələr var: “Gürcüstan Azərbaycandan çox da kənarda deyil. Tələbələr bizim Universitetdə özlərini evlərindəki kimi hiss edəcəklər. Bakıya ilk dəfədir gəlmişəm. Şəhərinizin inkişafda olması olduqca müsbət haldır. Yenidən Bakıya səfər etməyi düşünürəm”.
Seminarda iştirak edən amerikalı mütəxəssislər şagirdlərə Amerikada təhsil sistemi barədə məlumat veriblər. İştirakçılar bildirib ki, bu layihə ölkələrarası Multikulturalizm və Azərbaycan təhsilinin inkişaf etdirilməsi baxımından çox uğurlu bir layihədir.
Seminarda iştirak etmək üçün Azərbaycanın müxtəlif orta təhsil müəssisələrindən 200-dən çox şagirddən müraciət daxil olub. Onlarla telefonda intervyu edilib və 86 nəfər seminarda iştirak etmək hüququ əldə edib.
Seminarın sonunda iştirakçılara sertifikat təqdim edilib. Seminar Azərbaycanda ilk dəfə keçriliyi üçün sertifikatlar pulsuz verilib.
İlhamə ƏBÜLFƏT
Foto: Nurlan Gülməmmədov