Şura Katibliyinin məsləhətçisi Mirzağa Zaidov son iki ildə icrasına nəzarət üzrə təhkim olunduğu “İnsan hüquqları və demokratiya məsələləri”, “Şəffaflıq və institusional məsələlər” və “Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” istiqamətləri üzrə QHT layihələrinin icra vəziyyəti və əldə olunan nəticələrlə bağlı məqalə ilə çıxış edib. Teleqraf.com məqaləni təqdim edir:
- 2007-ci ildə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ötən 9 illik fəaliyyəti dövründə elan etdiyi qrant müsabiqələrində mütəmadi olaraq “İnsan hüquqları və demokratiya məsələləri”, “Şəffaflıq və institusional məsələlər” və “Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” mövzusuna yer ayırır. Şura hər il adıçəkilən istiqamətlər üzrə onlarla QHT layihəsini maliyyələşdirir.
Şura 2016-cı ildə yuxarıda adları qeyd olunmuş istiqamətlər üzrə 68 QHT layihəsinə qrant ayırıb. Bunlardan 9-u insan hüquqları, 11-i şəffaflıq məsələləri, digər 48 layihə isə vətənpərvərlik mövzusunda olub.
Ötən il Şuranın “İnsan hüquqları və demokratiya məsələləri” istiqaməti üzrə dəstəklədiyi 9 layihəyə 87000 AZN qrant ayrılıb. Görülən işlərə ümumilikdə 42 işçi cəlb edilib. Layihələrdən faydalanan benefisiarların sayı isə 1526 nəfər olub. Onlardan 90 nəfəri uşaq və yeniyetmə, 551 nəfəri gənc, 885 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Benifisiarlardan 1016-ı kişi, 510-u isə qadındır. Maliyyələşmiş layihələr çərçivəsində 6 təlim, 23 seminar-görüş və 1 düşərgə təşkil olunub, 2 kitabça və 2 buklet çap edilib.
Layihələr Bakı ilə yanaşı, ölkənin əksər regionlarını da əhatə edib. Belə ki, 2016-cı ildə Şuranın dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində Bakı şəhərində Qarabağ müharibəsində itkin düşmüş 150 vətəndaşımızın ailəsinə psixoloji və hüquqi yardım, Sabirabad, Biləsuvar, Lerik, Tərtər və Quba rayonlarında 259 nəfərə pensiya təminatı, sosial yardım, sosial müavinət, əlillik, alimentin alınması, sənədlərin əldə edilməsi, daşınmaz əmlak və s. məsələlərlə bağlı hüquqi yardım göstərilib. 50 nəfər gəncin iştirakı ilə Daşkəsən rayonunda 3 günlük “Könüllülər Parlamenti Azərbaycan” adlı təlim keçirilmiş, düşərgə təşkil olunmuşdur. Şabranda 154 yeniyetmə və gəncin iştirakı ilə “Əmək hüquqları” ilə bağlı 5 günlük seminar keçirilmişdir. Ucar, İsmayıllı və İmişli rayonlarında bələdiyyə sədrlərinin də iştirak etdiyi 120 nəfərlik auditoriyada yerli özünüidarəetmənin problemlərinə həsr edilmiş debatlar təşkil olunmuş, layihə çərçivəsində hazırlanaraq çap olunmuş “Bələdiyyə orqanlarında ictimai monitorinqin təşkili” adlı kitabça paylanmışdır. Bundan əlavə, Bakı şəhəri və Salyan rayonunda yerləşən cəzaçəkmə müəssisələrində məhkumlarla görüşlər keçirilmiş, onlara hüquqi yardım və məsləhətlər verilmişdir.
Dövlətimizin bütün qurumların fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində apardığı məqsədyönlü siyasət Şuranın bu istiqamətdə olan layihələrin dəstəklənməsini daha da artırıb. 2016-cı ildə “Şəffaflıq və institusional məsələlər” istiqaməti üzrə həyata keçirilən 11 layihəyə 105000 AZN vəsait ayrılıb. Layihələrin icrası işlərinə ümumilikdə 58 işçi cəlb olunub. Layihələrin icrası çərçivəsində keçirilən tədbirlərdə 1468 nəfər iştirak etmişdir ki, onlardan 718 nəfəri gənc, 750 nəfəri isə digər yaş qrupuna aid insanlardır. İştirakçılardan 947-i kişi, 521-i isə qadındır. Maliyyələşmiş layihələr çərçivəsində 17 təlim, 30 seminar və 1 düşərgə təşkil olunub, 3 buklet və 1 kitabça çap edilib, 1 sayt təkmilləşdirilib, 1 hesabat və 5 TV veriliş hazırlanıb.
İlk olaraq onu qeyd edim ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun təbliği istiqamətində Tərtər, Bərdə, Beyləqan, Yevlax və Bakı şəhərlərində 492 nəfərin birbaşa iştirakı ilə 10 ictimai görüş təşkil olunub, ARB TV-də mövzu ilə bağlı maarifləndirici veriliş hazırlanıb.
Eyni zamanda, “Mədən Sənayesində Şəffaflıq” mövzusunda Biləsuvar, Şamaxı, Xaçmaz, Bərdə, Yevlax və Bakı şəhərlərində 500 nəfərin iştirakı ilə 11 seminar-görüş təşkil olunub, eyniadlı mövzuda 4 televiziya verilişi hazırlanıb.
Azərbaycan Antikorrupsiya Akademiyası nəzdində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda ekspert və millət vəkillərinin iştirakı ilə 200 nəfər gəncə 10 təlim-seminar keçirilib. 74 mərkəzi icra orqanı və 65 yerli icra orqanının onlayn şəffaflıq vəziyyəti monitorinq edilib, müvafiq reytinq cədvəli tərtib olunub. Şuranın maliyyə dəstəyi ilə 2015-ci ildə “Qeyri-hökumət təşkilatlarına etimadın artırılması üzrə təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində yaradılan www.qht.az saytının fəaliyyəti təkmilləşdirilib. QHT-lərin fəaliyyəti haqqında 4000-dən artıq informasiyanın yayımlandığı saytda həmçinin 550 QHT və 150 QHT rəhbəri haqqında da informasiya bazası yaradılıb. Bu göstəricilər layihənin QHT-lərin fəaliyyətinin geniş oxucu kütləsinə çatdırılması baxımından uğurla icra edildiyini göstərir.
Ötən ilin aprel döyüşlərində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun düşmən hücumunun qarşısını alaraq əks-zərbə ilə işğal altında olan ərazilərimizin bir qismini düşməndən azad etməsi müasir tariximizin ən önəmli qəhrəmanlıq səhifələrindən biridir. Şura vətənpərvərlik hissinin, əsgər və zabitlərimizin qəhrəmanlıqlarının, o cümlədən aprel döyüşlərində əldə olunan zəfərin təbliği istiqamətindəki QHT layihələrinin dəstəklənməsini davam etdirib. Şura 2016-cı ilin ikinci qrant müsabiqəsi çərçivəsində “Vətənpərvərlik mövzusunda tədbirlərin təşkili” istiqaməti üzrə 48 layihənin maliyyələşməsi üçün 476000 AZN vəsait ayırıb. Bu layihələrin icrasına 207 nəfər işçi cəlb edilib. Layihələrin 14037 nəfər benefisiarının 2712 nəfəri uşaq və yeniyetmə, 6383 nəfəri gənc və 4942 nəfəri isə digər yaş quruplarına aid insanlardır. 8793 nəfəri kişi, 5244 nəfəri isə qadındır. Həyata keçirilmiş layihələr çərçivəsində 35 təlim-seminar, 110 müxtəlif tipli görüşlər, aksiyalar, müsabiqələr, yürüş və idman yarışları təşkil olunub. 6 film, 2 sosial çarx və 1 video-çarx hazırlanıb. Həmçinin 3 kitab, 5 broşur, 12 buklet və 11 digər adlarda müxtəlif çap məhsulları hazırlanaraq çap edilib.
Ötən il Şuranın dəstəyi ilə aprel döyüşlərində böyük rəşadət göstərək şəhid olmuş zabit və əsgərlərimiz haqqında bir sıra maraqlı filmlər çəkilib. N saylı hərbi hissənin qərargah rəisi kapitan Nəcməddin Savalanov haqqında hazırlanmış “Şəhidliyə aparan yol”, kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə ithaf olunmuş “Qarabağa doğru” sənədli filmləri izləyicilərdə böyük maraq və rəğbət doğurub. “Qarabağ uğrunda birlik”, “Vətən birdir”, “Qəzəb” və “Xankəndi – Yaşam mücadiləsi” filmləri, 3D qrafikalı “Yaddaş”, “Seçim hüququ” videoçarx, “Ali Baş Komandanım!” adlı videoklip və digər bu kimi məhsullar da silahlı qüvvələrimizin qəhrəmanlıq nümunələrinin vətəndaşlara, xüsusi ilə gənc nəslə təbliği baxımından əhəmiyyətlidir. Hazırlanan videomateriallara olan izləyici rəğbəti QHT-lərin üzərlərinə düşən vəzifə və öhdəlikləri məsuliyyətlə yerinə yetirdiyini göstərir.
Sadalanan film və sosial çarxlardan əlavə torpaqlarımızın düşməndən müdafiəsində iştirak edən könüllülərin veteranlıq hüquqlarının qorunmasına dəstək məqsədi ilə bağlı 150 nəfərin sənədləri hazırlanaraq Müdafiə Nazirliyinin müvafiq orqanına təqdim olunub. Bunlardan 40 nəfər veteran vəsiqəsi alıb və onlara aylıq pensiya ödənişi təmin olunub. Layihənin davamlılığının təmin olunması baxımından qeyd edim ki, veteran vəsiqələrinin alınması üçün müraciət edən Qarabağ müharibəsi iştirakçılarının müraciətləri bu gün də davam edir.
Ötən il Şuranın dəstəyi ilə “Sağlam bədəndə sağlam ruh olar!” şüarı ilə Siyəzən rayonunda yerləşən “Göyçə” istirahət mərkəzində aztəminatlı ailələrdən olan 30 nəfər yeniyetmə və gənclər üçün 4 günlük “Vətən, biz səninləyik!” hərbi idman oyunları düşərgəsi təşkil olunub. Bakı şəhərində 16 universiteti təmsil edən tələbələrdən ibarət 10 nəfərlik komanda arasında PaintBall yarışması təşkil olunmuş, eyni universitetlərdən olan 48 nəfərlik 16 komanda arasında isə Bakı Atıcılıq Mərkəzində tir atma yarışları keçirilmişdir. Layihə iştirakçıları arasından seçilmiş 20 nəfər fəal gənc üçün həmçinin Quba şəhərində 2 günlük düşərgə də təşkil edilib. Adıçəkilən bu işlər onu bir daha göstərir ki, artıq QHT-lər də real nəticəsi olan, konkret hədəflərə yönəlmiş, daha səmərəli layihə təklifləri ilə çıxış edirlər.
2016-cı ildə Şuranın dəstəyi ilə 31 adda müxtəlif çap məhsulları hazırlanıb. Bunlardan “On yeddi illik mücadilə: Azərbaycanda bolşevik işğalına qarşı milli müqavimət hərəkatı (1920-1937)”, ingilis dilinə tərcümə edilərək çap edilmiş “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” və vətənpərvərlik mövzusuna olan müxtəlif şeirlərin toplandığı “Cənnət çiçəkləri” kitabları xüsusi ilə qeyd edilməlidir. Şuranın dəstəyi ilə “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun hazırladığı “On yeddi illik mücadilə: Azərbaycanda bolşevik işğalına qarşı milli müqavimət hərəkatı (1920-1937)” kitabında XX əsr Azərbaycan tarixinin ən keşməkeşli dövrü olan 1920-1937-ci illərdə xalqımızın işğalçılara qarşı milli dirəniş və müqavimət hərəkatı, bolşevizmin milli-mənəvi dəyərlərimizə, milli ziyalılara və əsilzadəliyə qarşı yürütdüyü siyasət geniş təhlil olunub. Kitab sovet hökuməti əleyhinə baş qaldıran üsyanlarla bağlı ictimaiyyətə məlum olmayan çoxsaylı tarixi faktlarla zəngindir. “Qayğı və Himayə” Fondunun nəşr etdiyi “Cənnət çiçəkləri” adlı kitab isə Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə vuruşan, döyüşlərdə şücaət göstərən vətən övladlarının qəhrəmanlığına həsr olunub.
3 noyabr 2016-cı ildə vətənpərvərliyi təbliğ edən, doğma yurdu, bayrağı sevməyə, onun uğrunda düşmənlə mübarizəyə səsləyən şüarlar yazılmış plakatlardan ibarət əsərlərlərin sərgi-müsabiqəsinin Xətai Sənət Mərkəzində ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib. 3 gün davam edən sərgi başa çatdıqdan sonra müsabiqədə münsiflər tərəfindən yüksək qiymətləndirilən 3 əsər Bakı şəhərində (Rəşid Behbudov küçəsi 75-də 1 və Şüvəlan şosesinin kənarında 2 plakat), 5 ədədi isə regionlarda (Xaçmaz, Şamaxı, Astara, Gəncə və Qazax yolu) böyük reklam lövhələrində yerləşdirilib.
Şuranın ww.qhtxeber.az saytı və “Vətəndaş Cəmiyyəti” jurnalı 2016-cı ildə də Şuranın maliyyə yardımı ilə həyata keçirilən bütün QHT layihələrinə, o cümlədən də yuxarıda haqqında bəhs olunan istiqamətlər üzrə olan layihələrə təmənnasız informasiya dəstəyini davam etdirib.
Cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin birbaşa diqqəti və dəstəyi nəticəsində milli və beynəlxalq səviyyədə fəaliyyət imkanları artan qeyri-hökumət təşkilatları zaman ötdükcə Azərbaycanda ictimai problemlərin həllində, plüralist, demokratik cəmiyyət quruculuğu prosesində daha da yaxından iştirak edirlər. Bu missiyanın həyata keçirilməsində, dövlət qurumları ilə QHT-lərin əməkdaşlıq münasibətlərinin inkişafında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da üzərinə böyük məsuliyyət düşür. Şura Katibliyinin əməkdaşları olaraq biz də üzərimizə düşən işi yüksək diqqət və peşəkarlıqla həyata keçirməyə çalışırıq.