Teleqraf.com-un məlumatına görə, iclasda millət vəkili Fuad Muradovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Bir sıra məsələlərin müzakirə edildiyi iclasda qərara alınıb ki, Azərbaycanın təşəbbüsü əsasında Avronest PA-nın Sosial komitəsi çərçivəsində 2017-ci ilin sentyabrında "Şərq Tərəfdaşlığı regionunda sağlamlıq və gender məsələləri üzrə" mövzusunda konfrans keçirilsin. Lakin Ermənistan nümayəndə heyəti bu təşəbbüsün əleyhinə çıxıb. Buna baxmayaraq, ermənilərin etirazları Büro üzvlərinin narazılığına səbəb olub və qəbul edilməyib. Onlar birmənalı olaraq Azərbaycana dəstək ifadə ediblər.
Qeyd edək ki, iclasda Avropa İttifaqı (Aİ) və Şərq Tərəfdaşlığı ölkələrində keçirilən seçkilər, Avronest PA-nın gücləndirilməsi üçün görüləcək tədbirlər, Aİ ilə Şərq Tərəfdaşlığı ölkələrinin qarşılıqlı əlaqələrinin möhkəmlənməsi üçün strategiya və 2017-ci ilin sonunda Avronest PA-nın Kiyevdə keçiriləcək plenar sessiyasına dair məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində Avronest PA üzvləri Moldova parlamentinin spikeri Andrian Kandu ilə də görüşüb. Görüşdə F.Muradov spikerə GUAM ilə bağlı sual ünvanlayıb. A.Kandu bildirib ki, Moldova bu təşkilatın əhəmiyyətini çox yüksək dəyərləndirir və çox böyük önəm verir.
Spiker, həmçinin GUAM-ın ərazi bütövlüyü, enerji məsələləri və digər vacib məsələlərlə bağlı mövqeyini və rolunu yüksək qiymətləndirib. O, Azərbaycandakı inkişaf prosesini də yaxından izlədiyini və ölkəmizlə ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edib.