28 May 2017 10:19
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Tacikistandakı səfirliyi 28 May – Respublika Günü ilə bağlı Düşənbədə rəsmi qəbul keçirib.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın və Tacikistanın dövlət himnləri səsləndikdən sonra çıxış edən səfir Abbasəli Həsənov cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğunu diqqətə çatdırıb, qısa müddət ərzində görülən işlərdən danışıb.

Səfir 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycanın o illərdə müharibə və xaosla üzləşdiyi, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə danışıb.

Diplomat qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda iqtisadiyyat dirçəlməyə başladı, vətəndaş müharibəsinin qarşısı alındı. Ulu Öndər neft strategiyasını həyata keçirməklə müasir müstəqil Azərbaycanın dinamik inkişafının əsasını qoydu.

Abbasəli Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Qafqazın ən qüdrətli dövlətinə çevrilib. Bu gün Azərbaycanın dünya miqyasında sözü və mövqeyi ilə hesablaşırlar.

Səfir Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər - idman yarışları, humanitar forumlar, musiqi festivalları barədə geniş məlumat verib.

Diplomat Azərbaycanın həyata keçirdiyi transmilli layihələr haqqında da söhbət açıb və bildirib ki, regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşmır. O, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etdiyini diqqətə çatdırıb. Həmçinin Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları haqqında geniş məlumat verib.

Diplomat çıxışında bildirib ki, bu günlərdə Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur.

Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov Respublika Günü münasibətilə Azərbaycan xalqını Tacikistan hökuməti adından təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb. O deyib: “Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir”. Nazir vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkədə vətəndaş müharibəsinin qarşısını alıb, dövlətini və xalqını böyük bəlalardan xilas edib.

Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu bildirərək qeyd edib ki, ikitərəfli münasibətləri müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur.

Qəbul zamanı Azərbaycanın mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini, Bakı şəhərinin və regionların bugünkü mənzərələrini əks etdirən videogörüntülər nümayiş etdirilib, Azərbaycan musiqisi səsləndirilib.

İştirakçılara 28 may – Respublika Günü ilə bağlı Azərbaycan, tacik, ingilis və rus dillərində məlumatlar toplusu paylanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər