12 İyul 2017 11:13
2 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov cavablandırıb:

- Milli Məclisin sessiyası başa çatıb, artıq deputatların bir çoxu istirahət məkanlarına üz tutublar. Deyəsən, hələ də iş başındasınız...

- Milli Məclislə yanaşı, Yeni Azərbaycan Partiyası ilə əlaqədar işlər çoxdur. Bu il partiyamızda hesabat-seçki yığıncaqları keçirilir. 84 rayon-şəhər təşkilatımız var, bunlardan 61-də işləri başa çatdırmışıq, 23 təşkilatda ilin sonunadək yekunlaşdıracağıq. Bu il seçki ili olmadığına görə partiya daxili vəziyyətlə əlaqədar yerli strukturlarla bağlı sistemli iş aparılır. YAP üzvlərinin sayı artır, artıq üzvlərimizin sayı 700 min nəfəri ötüb. Bu baxımdan partiya işləri mütəmadi gedir, burada istirahət yoxdur, daim iş başındayıq.

- Bəs, istirahət üçün regionları seçirsiniz, yoxsa xarici ölkələrə səyahət edirsiniz?

- Son 20 ildir istirahətə getməmişəm.

- Heç həftə sonları da dincəlmirsiniz?

- Yox, uzağı tətil vaxtlarında deputat seçildiyim dairəyə gedirəm, Naxçıvanda oluram. Orada da istər-istəməz iş görürük.

- Ailə üzvləriniz şikayətlənmir?

- İşimiz belədir də. Xaricdə isə ezamiyyətlərdə oluram, parlament, yaxud partiya xətti ilə gedirəm, qalan vaxtlar Azərbaycanda oluram.

- Axırıncı dəfə Naxçıvanda nə vaxt olmusunuz?

- Mütəmadi olaraq gedirəm. Təyyarə ilə səhər gedib axşam qayıtmaq olur.

- Deputat həmkarlarınız seçicilərlə görüşlərdə işlə bağlı müraciətlərin çox olduğundan gileylənirlər. Görüşlərdə Naxçıvan əhli Sizə ən çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun gördüyü işlər sayəsində Naxçıvandakı seçki dairələrində işlə bağlı problem yoxdur. Ən ucqar dağ kəndləri mənim deputat seçildiyim Şahbuz dairəsini əhatə edir. Ən müasir standartlara uyğun məktəblər tikilib, ATS-lər qurulub, kitabxanalar, xəstəxanalar, diaqnostika mərkəzləri istifadəyə verilib. Qaz, işıq, su daimi gəlir, çox gözəl yollar çəkilib. Naxçıvanda bir dənə də olsun köhnə məktəb yoxdur. İstilik sistemi ilə tam təmin olunan, standartlara cavab verən məktəblər insanların istifadəsindədir. İşlə bağlı problem yoxdur, əksinə insanlara müraciət olunur ki, gəlib işləsinlər. Tikinti-quruculuq işləri o qədər çoxdur ki, hətta insanlar başqa rayonlardan gəlib Naxçıvanda çalışırlar. Müəyyən problemlər də var, insanların bir çoxu paytaxta gəlib burada yaşamaq, işləmək istəyirlər. Bununla bağlı mənə də çoxlu sayda müraciətlər edirlər, bunları həll etməyə çalışırıq. Elə olur ki, rayondakı 2 mərtəbəli, yaxşı həyət-bacası olan evini qoyub gəlib Bakıda 50 adamın bir həyətdə məskunlaşdığı yerdə 1 otaqlı mənzildə yaşayır. Ad olsun ki, Bakı şəhərində yaşayıram.

- Göstərişi sevən millətik...

- Onlarla belə faktlar var. Eləsi var müraciət edib, işlə təminatda köməklik etmişik, 4 nəfər ailə üzvü ilə birgə mətbəx, yataq və yemək otağı kimi istifadə edilən cəmi 1 otaqlı evdə məskunlaşıb. Halbuki internetə qədər hər bir şəraitlə təmin olunan rayondakı geniş evində yaşamır.

- O cür insanlarla söhbət aparıb kəndinə qayıtması barədə məsləhət edəndə necə?

- Bu niyyətdə olan insanlara məsləhət edirsən, pay torpaqları barədə danışırsan, qeyd etdiyim kimi iş yerləri barədə söhbət açırsan, amma faydası nədir? Kəndçi nə ilə məşğul olmalıdır? Təsərrüfatla! Əgər kənd təsərrüfatı məhsullarını bazardan alırsa, artıq burada başqa söhbət ola bilməz. Çalışmaq lazımdır ki, insanlar öz doğulub böyüdüyü regiona qayıdıb təsərrüfatla məşğul olsunlar. Bununla həm vətəndaşın öz yaşayış şəraiti yaxşılaşar, gəlirləri artar, həm də ərzaq təhlükəsizliyi aradan qalxar.

- Müasir standartlara cavab verən diaqnostika mərkəzləri və poliklinikaların olduğunu qeyd etdiniz. Ancaq regionlardakı xəstəxanalarda yüksək standartlı avadanlıqları istifadə edə bilən mütəxəssislər çatışmır...

- Bəli, belə məqamlar var. Rayonlarda belə vəziyyəti müşahidə edirik. Elə yerlər var ki, 150 həkimə ehtiyac var. Universiteti yüksək qiymətlə bitirənlər təhsilini bir az da təkmilləşdirib özəl klinikalarla müqavilə əsasında çalışır, hər qəbul etdiyi xəstəyə və ya əməliyyata görə müəyyən faiz vəsait əldə edir. Bu səbəbdən həkimlər bu cür işləməyə üstünlük verir. Amma hesab edirəm ki, vətənpərvərlik də olmalıdır. Regionlardakı insanların müalicəsi ilə də məşğul olmaq lazımdır. Azərbaycanda unikal addım atılaraq hər bir vətəndaşımızın ildə iki dəfə tamamilə pulsuz müayinədən keçməsi təmin olunur. Bundan başqa nikaha daxil olan cütlüklərin tibbi müayinədən keçməsi məsələsi reallaşdı. Təəssüf ki, çoxu bu analizləri vermir. İndi dünyada çoxsaylı mikrob və infeksiyalar yayılıb, bunun qarşısı alınmalıdır. Regionlarda yüksək səviyyəli avadanlıqlar var, xəstənin Qusardan, Zaqataladan müalicə üçün Bakıya gəlməsinə ehtiyac qalmır. Paytaxtda çalışan həkim qazandığı vəsaiti regionda da qazana bilər. O psixologiyanın daşıyıcısıyıq ki, deyəcəklər, filankəs Bakıda çalışır. Türkiyəyə baxsaq, həkimlərin əksəriyyəti “Amerikan”, “Memorial” kimi böyük xəstəxanalar istisna olmaqla, bölgələrdə fəaliyyətlərini davam etdirmək istəyirlər. Düzdür, həm də tibbi sığorta mövcuddur, indi buna biz də başlamışıq. Artıq Mingəçevir və Yevlaxda pilot layihə var, gələcəkdə tibbi sığorta tam şəkildə tətbiq olunanda həkimlərin Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Tibbi sığorta hesabına həkimlərimiz kifayət qədər əmək haqqı almaqla yerlərdə öz fəaliyyətlərini qura biləcəklər.

- Nasazlayanda dövlət xəstəxanalarına müraciət edirsiniz, yoxsa özəl?

- Dövlət xəstənxanasına müraciət edirəm. Hər kəsin hansısa həkimlə münasibəti ola bilər, xəstəxana seçib müraciət edir.

- Savadlı həkimlərimizin sayı kifayət qədər çox olsa da, belə fikirlər səslənir ki, bizi məmurlar daha çox xarici həkimlərə etibar edirlər. Siz hansı həkimlərə güvənirsiniz?

- 3 qrup var və bir-biri ilə rəqabətdədir. Əslində rəqabət inkişafa gətirib çıxaracaq. Rusiya tibb məktəbi var ki, Türkiyə tibb məktəbini qəbul etmir və əksinə. Üçüncüsü isə Azərbaycan tibb məktəbidir ki, ikisinin arasında qalıb. Tibb elə sahədir ki, hər gün inkişaf edir. Tibblə məşğul olan insanlar ən azı bir neçə dili sərbəst bilməlidir. Çünki yeni çıxan dərman preparatlarından xəbərdar olmalı, texnologiyaları bilməlidir. Köhnə “baqaj”la tibblə məşğul olmaq mümkün deyil. Tibb təhsili ilə yanaşı 7 il ərzində xarici dilin tədrisinə ehtiyac var. Yaxşı halda bizimkilər rusca bilir. Rusiyanın özü Almaniyadan, Amerikadan öyrənir. Həkimlərin təkmilləşdirilməsi məsələsi çox ciddidir. Keçmişdə kurslar aparılırdı, bir ildən bir 2 ay gedib öz sahəsi üzrə təkmilləşmədən keçir, beynəlxalq seminarlarda iştirak edir, təcrübə mübadiləsi aparılırdı. Əfsuslar olsun ki, bu ənənə yaddan çıxıb. Ola bilər savadlı şəxsdir, vaxtilə oxuyub, 20 il keçib yenilik edə bilmir. Məmurların əcnəbi həkimlərə müraciət etməsi də ondan irəli gəlir ki, daha müasir avadanlıqlarla təchiz edilmiş klinikalarda müayinə olunmaq istəyir. Vaxtilə daxili orqanı yoxlamaq üçün “mel” içirib rentgenə salırdılar. İndi müasir üsullar tətbiq edilir, 75-80 faiz orqanının fəaliyyətini şəffaf şəkildə görmək olur.

- Sağlam həyat tərzinə üstünlük verən şəxs kimi tanınırsınız. Futbol matçlarından fotolarınız tez-tez mediada da yayılır. Formada qalmaq üçün hansı idmanla məşğulsunuz?

- Professional idmanla məşğul olmuşam, sərbəst güləş üzrə idman ustasıyam. Müxtəlif çempionatlarda iştirak edib qalib gəlmişəm. Bədəni formada saxlamaqdan ötrü idmana davam edirəm, müxtəlif trenajorlar, üzgüçülüklə mütəmadi məşğulam, futbol oynayıram. Artıq bu, vərdiş halına çevrilib. Elə insan var idmana gedəndə özünü pis hiss edir, mənim kimi insanlar 2-3 gün idmanla məşğul olmayanda belə vəziyyət yaranır. Siqaret çəkən insanlarda siqaretə alışqanlıq olduğu kimi məndə də idmana ehtiyac var.

- Futbolu deputat həmkarlarınızla oynayırsınız, yoxsa başqa dostlarla?

- Tanışlar, dostlar var ki, imkan olanda futbolla yanaşı tennis də oynayırıq.

- Çempionlar Liqası və Avroliqa çərçivəsində komandalarımızın oyunu olacaq. İlk qarşılaşmanı “Qarabağ” klubu keçirdi. Komandalarımızın oyununu izləyirsiniz?

- Hələ liqa başlamazdan əvvəl çoxlu şərhlər var. Hərə bir proqnoz verir. Mən də izləyirəm. “Qarabağ” komandası həm Avropa Liqasında , həm də daxili çempionatda uğurlar qazanıb. Hesab edirəm ki, adın qorunması üçün dəstək olmalıyıq. Komandanın məşqçisi Qurban Qurbanov mənim dostumdur, oyunçularla münasibətlərim çox yaxşıdır. “Qarabağ”ın tərkibi güclü futbolçulardan ibarətdir. Güman edirəm ki, Çempionlar Liqasında nailiyyətlər əldə ediləcək.

- Futbola stadionda baxırsınız, yoxsa televiziya qarşısında?

- Mənim oyunlara baxmaq üçün girişim sərbəstdir, bileti qabaqcadan götürdüyüm üçün bütün oyunlara gedə bilirəm. Vaxt olduqca stadionda izləməyə çalışıram.

- Zaman-zaman Qurban Qurbanovun milli yığmaya baş məşqçi gələcəyi barədə fikirlər səslənir. Sizin fikirləriniz də maraqlıdır...

- Qurban Qurbanov kifayət qədər təcrübəlidir, ötən zaman ərzində güclü oyunçu kimi yetişib, həm də məşqçi kimi özünü sübut edib. Hesab edirəm ki, o, yığmaya baş məşqçi gəlsə, heç də pis olmaz.

- Yeri gəlmişkən dəniz mövsümü başlayıb, gedirsiniz?

- Ömrü boyu üzürük də (gülür). Dənizə o adam gedir ki, yaydan yaya üzür. Biz mütəmadi suyun içindəyik.

- İnsanların dənizin hasarlandığına dair şikayətlərini yəqin Siz də eşidirsiniz...

- Əslində bunun yaxşı cəhəti də, pis cəhəti də var. Dünyanın hər yerində, bütün dənizlərdə pullu və pulsuz xidmət mövcuddur. Rahatlıq, təmizlik, xidmətə görə pul ödənişi edilir. Vaxtilə dənizə gedəndə səhralıqda hərə bir tərəfdə özünə yer tuturdu, su axtaranda su tapa bilmirdin. İndi sistem yaradılıb, insanın ehtiyacı olan hər şey var, ona görə də müəyyən haqq ödənilməlidir ki, çətirlər və digər dəniz ləvazimatlarından, duş qəbulundan istifadə edilsin. Kimsə istəmirsə, kənarda da dənizə daxil ola bilər. Mühafizə və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bədbəxt hadisələrin baş verməməsinə nəzarət edir. Bakı küləklidir, Xəzər dənizi digər dənizlərə nisbətən təhlükəlidir. İnsanların xüsusi qorunan yerlərə getməsi daha məqsədəuyğundur. Ola bilər ki, ailə büdcəsinə bir az ziyan vuracaqlar, amma istirahətini tam təmin edəcəklər.

- Bəs ədəbiyyata vaxt ayıra bilirsiniz?

- Mütləq hər gün bədii ədəbiyyat oxumalıyam.

- Axırıncı dəfə kimi oxumusunuz?

- Xalid Hüseyninin bir neçə kitabını oxumuşam, bizimkilərlə müqayisə aparmaq istəyirdim. Kitablarının tirajına baxdım, milyondan artıq nüsxəsi çap edilib. Amma Orxan Pamukla yanaşı qoyanda, o Hüseynidən daha güclü yazır. Azərbaycanda son dövrlərdə kiçik hekayələr yazılır, ortaya qoyulan roman görməmişəm. Elçin Əfəndiyevin Qarabağ hadisələrilə ilə bağlı “Baş” romanını oxumuşam. Gənc yazarları da izləyirəm. “Ədəbiyyat” qəzetinin abunəçisiyəm. Bundan başqa ayrı-ayrı kitablar haqda rəyləri də oxuyuram. Baryer var və o baryeri aşmaq lazımdır. Yaşlı nəsil vaxtilə çox gözəl yazıb-yaradıb. İndi bir neçə nəfəri çıxmaq şərtilə, əksəriyyət özünün tərcümeyi-halını yazır. Bu da insanları o qədər də maraqlandırmır. Xatırlayıram, Əlibala Hacızadənin kitabı çıxanda əl-ələ gəzirdi. Hamı “Əfsanəsiz illər” əsərini oxumağa tələsirdi. Sonra özü şikayət etməyə başladı ki, kitabımı almırlar. Rəhmətliyin sonrakı dövrdə yazdığını yeni nəsil oxumurdu. Bir şeyi də deyim ki, indi mövzu daha çoxdur, nəinki keçmişdə. Deyirdilər Böyük Oktyabr Sosialist inqilabı və Böyük Vətən Müharibəsi olmasaydı, sovet dövründə ədəbiyyat tarixində böyük boşluq olardı. Şoloxov “Sakit Don”u da, “İnsanın taleyi”ni də yazmışdı, müqayisə edəndə deyirdilər bunu eyni adam yaza bilməz, tamam müxtəlif psixoloji baxış vardı. Ya da kolxoz, sovxozdan, əmək qəhrəmanlarından yazırdılar. İndi həm Qarabağ, həm də dünyada baş verən hadisələrlə bağlı kifayət qədər mövzu çoxdur. Azərbaycanlıların Rusiyaya getməsi, ailələrin burada qalması, gənclərin ailə qurması ilə əlaqədar geniş mövzular var.

- Bəlkə özünüz nə isə yazasınız?

- Vaxtım yoxdur, olsaydı, yazardım (gülür).

- Heç nə isə yazmısınız?

- Bir-iki hekayəm olub, 90-cı illərdə qəzetdə də çap edilib. Nə vaxtsa boş vaxtım olanda yazaram.

- Ədəbiyyatda gənc nəsillə yaşlı nəslin qarşıdurmasını necə qarşılayırsınız?

- O, sistemlə əlaqəli bir şeydir. Biz bir sistemdən başqa birisinə keçmişik, sovetlər birliyindən ayrılıb müstəqil dövlət olmuşuq. Müstəqillik dönəmində doğulan uşağın indi 25 yaşı var. Onun düşüncə tərzi, psixologiyası tamam başqadır. Köhnəni bəyənməmək, yaşlı nəsli təhqir etmək yolverilməzdir. Yaşlı nəslə demək olmaz ki, sən o dövr üçün niyə bunu yazmısan? Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı 100 il bundan qabaq nə yazıbsa, bu gün gətir qoy, nöqtə-vergülünü dəyişmədən uyğun gəlir. İki cür - qlobal psixologiyaya və dövrün tələblərinə uyğun yazanlar var. Dövrün tələblərinə uyğun yazanlarla indikilərin fikri uyğun gəlmir.

- Sizin sosial şəbəkələrlə bağlı mövqeyiniz bəllidir. Heç övladlarınız da feysbukdan, yaxud instaqramdan istifadə etmir?

- “Böyük dayaq” filmində Rüstəm kişinin bir fikri var, yazırsan yaz, amma altından qol çək, imzanı qoy. Sosial şəbəkə virtual məkandır. Yazan adamdan əmin deyilsən özüdür, yoxsa yox. Bizim kifayət qədər təcrübəmiz var. Sosial şəbəkədə aktiv gəncləri mükafatlandırdıq. Sonradan məlum oldu ki, 1-ci yerin qalibinin sosial şəbəkədən xəbəri yoxdur, valideynləri jurnalistdir, bunun adından yazıblar və nəticədə qalib olub. Bununla da ədalətsizlik ortaya çıxır. Eləsi var xaricdə oturub yazır, kimdir, nəçidir bəlli deyil. Bəlli olmayan məsələ ilə mənim işim yoxdur, mənimki gərək bəlli ola (gülür).

- Övladlarınız üzdə deyil. Onların özləri maraqlı deyil, yoxsa Sizin qoyduğunuz çərçivədir?

- Oğlum 8-ci sinfi bitirdi, qızım 1-ci sinfə gedir. İkisi də dərsləri ilə, oxumaqla məşğuldur. Düşünürəm ki, belə də olmalıdır, özlərinə aid olan sahə ilə məşğul olsalar, yaxşıdır. Səhv etmirəmsə, İbn Sina olur, hökmdarın vəziri onu axtarır, gəlib görür bir uşaq qumla oynayır. Deyir, sən axı böyük alimsən, haqqında yüksək fikirlər söyləyirlər, sənsə qumun üstündə oturmusan. Qayıdır ki, təbii ki, mən aliməm, amma uşaqlıq qanunlarını poza bilmərəm. Hər şeyin öz qanunları var. Ola bilər, kiminsə övladıdır, amma onun da öz qanunları var.

- Təhsillərini hansı istiqamətdə almaq istəyirlər?

- Dəqiq elmləri seçməyiblər, hələ ki humanitar sahəyə meyllidirlər.

- Azərbaycanda yoxsa, xarici ölkədə oxumaq niyyətindədirlər?

- Dəqiq elmlər üzrə uşağı xaricə göndərmək olar. Mühəndislik, texnologiya, kənd təsərrüfatı üzrə xaricdə oxumaq olar. Humanitar sahədə nə oxuyacaq? Fransanın Sarbon universitetinin tarix fakültəsini, yaxud Böyük Britaniyada hüquq fakültəsini bitirsə, Azərbaycanda necə işləyəcək? Türkiyədəki mülki hüquqla belə Azərbaycan mülki hüquq başqadır. Kampaniya yaranıb ki, uşaq mütləq xaricdə oxumalıdır. Mən onun tərəfdarı dyeiləm. O adam xaricə getməlidir ki, oradan yeni nə isə öyrənib gətirib ölkəsində tətbiq edə bilsin. Bank sistemi, turizm, tibb və sairəni göstərmək olar. Ədəbiyyat, tarix fakültəsində oxumaq üçün xaricə getməyin elə bir əhəmiyyəti yoxdur.

- Oğlunuz siyasətlə maraqlanır?

- Siyasətə marağı var. Arzusu deputat olmaqdır (gülür). Soruşanda deyir, deputat olacağam. Onu tale göstərəcək.

- Siyavuş müəllim, sonda səhhətinizlə bağlı soruşmaq istərdim, bir ara səhhətinizdə ciddi problemlərin olduğuna dair xəbər yayıldı. Birdən-birə arıqladınız...

- Birdən-birə olmadı, şəklimi gördülər ki, arıqlamışam, dedilər xəstələnib. İnsan bəyəm arıqlayanda xəstələnir? İnsanlar gedib xeyli vəsait xərcləyir ki, çəkisini aşağı salsın, mən idmanla istənilən çəkidə arıqlaya və kökələ bilirəm. Gündə 15 km piyada gəzirəm. Bir də yeməyə nəzarət etməlisən. Sağlam arıqlamağın metodu budur. Bəziləri arıqlamaq üçün dərman preparatları qəbul edir. Arıqlayanda düşünürlər ki, yəqin xəstələnib. Mütəmadi görürsünüz ki, iş başındayam, səhhətimlə bağlı hər şey qaydasındadır. Çoxunun arzusu o idi ki, doğrudan da xəstələnim (gülür). Bəzi insanlar var ki, xisləti ondan ibarətdir, amma bilmir ki, istənilən insana canı Allah verir. Allah nə vaxt istəsə alacaq, nə vaxt istəsə saxlayacaq.

Foto: Elçin Murad


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər