Teleqraf.com onunla müsahibəni təqdim edir:
- Akif müəllim, bir vaxtlar Qarabağla bağlı şeir müsabiqələri keçirirdiniz...
- Bəli, keçirirdik. Vətənpərvər şeirlər istəyirdik. Son müsabiqələrin birində tanınmış qiraətçi Azad Şükürov narazılıq elədi ki, biz bu müsabiqələri keçiririk, diplom veririk, nə olsun? Elə ondan sonra həvəsdən düşdüm. Mən ədəbiyyatçı deyiləm, Qarabağ məsələsinin ədəbi tərəfi şairlərin, yazıçıların işidir. Qarabağ müharibəsi ilə bağlı heç bir kitab yazılmayıb. Biz bir kitab yazmışıq, "Qarabağ müharibəsi - qısa tarix". Maraqla da qarşılanmışdı. Bu yaxınlarda yas yerinə getmişdim, sual verdilər ki, Akif müəllim, niyə Zəhranın ölümü ilə bağlı heç nə etmədiniz. Cavab verirəm ki, qardaş, siz də bu vətənin övladlarısınız, siz niyə heç nə etmədiniz? Elə gərək kimsə önə çıxıb sizi başına yığa?!
- Deyirsiniz ki, Qarabağla bağlı heç nə yazılmır. Heç ədəbiyyatı izləyirsinizmi, oxuyursunuzmu?
- Mən çalışıram ki, oxuyum. Son dövrlərdə Aqil Abbasın "Dolu" su xoşuma gəlib. Filminə də baxmışam. Deyirlər ki, Qarabağla bağlı mindən çox mahnı var. Amma Əsgər marşından başqa adamlara heç nə təsir eləmir, nəsə çatışmır.
- Bu nə ilə bağldır?
- Əsərlər zəifdir, cəlbedici deyil. “Dolu”nu oxuyanda isə tamam başqa təsir bağışladı. Məsələn, Elçin Hüseynbəylinin hekayəsini oxumuşdum. Sonra Varisin əsərini. Sonra bizim Şəkidə təşkil etdiyimiz forumda Elçini gördüm. Özünə dedim ki, əsəri yazmısan, amma verdiyin mesaj nədir? Obraz ən azı iki-üç erməni öldürəydi, yoxsa öz torpağımıza can vermək üçün gedir.
- Dediniz “Dolu” filminə baxmısınız, film sizə necə təsir bağışladı ?
- Bəli, film çox maraqlı idi, yaxşı çəkmişdilər. Əslində Aqilə görə getmişdim, könülsüz idi. Amma baş rolda komandir rolunu oynayan aktyor əla oynamışdı.
- Qarabağ mahnılarından danışdınız. Sizə elə gəlmir ki, bu mahnılar həddən artıq bədbindir?
- Baxın, “Dolu”da döyüş ruhu var. Ona görə də adama təsir edir, xoş gəlir. Biz təşkilatda hətta himni belə özümüz döyüşkən ruhda oxuyuruq.
- 20 yanvar gününün də qəhrəmanlıq dastanı yaxud matəm günü olmağı tam bilinmir. Sizcə?
- Əvvəla qaboy çıxdı. Qaboy da gözdən düşdü, 20 yanvar alətinə çevrildi. Hər şey ilkin təməldən asılıdır.
- Dünya səviyyəsində müharibə filmləri var. "Pianoçu", "Qarın əsirliyində" və s. Filmlər var. Bəs bizim müharibə filmləri niyə dünya səviyyəsinə çıxmır?
- Büdcə... Yəhudilər guya nə edib ki? Özlərini həmişə mağmın, məzlum obrazında təsvir ediblər. Məsələn, “Köhnə tüfəng”də bircə obrazın timsalında fransızlar döyüşkən təsir bağışlayır. Çünki, o vaxtlar fransızlar müharibə başlayanda almanlara müqavimət göstərə bilmədilər. Bir aya almanlar Parisi ələ keçirdi. Fransızlar özləri barədə mənfi rəy formalaşdırdılar. Onlar müharibədən söz düşəndə danışmırlar. Fransızların imicini Şarl De Qol xilas eləmişdi. Necə ki, “Köhnə tüfəng” kimi. Bizim filmlərə də büdcə ayrılmalıdır. Elə götürək “Cəsur ürək” filmini. Bütün dünya baxır, ideya kimi qəbul olunur.
- Müharibə filmləri axı kütləvi səhnələrdən ibarət deyil. Məsələn, “Qarın əsirliyi”ndə filmi var, filmdə ancaq bir daxmada qışın ortasında düşmən cəbhənin əsgərləri arasındakı münasibətlər göstərilir.
- Büdcə kütləvi səhnə üçün lazım deyil axı. Söhbət məşhur artistlərin cəlb olunmasından gedir.
- Müharibədə incəsənətin rolu nədir?
- İbrahim peyğəmbəri yandırırdılar, bir sərçə dimdiyində su aparırdı. Bu rəvayəti eşitmisiniz, eşitməsəniz də iki cümlədən hər şey bəlli olur. İndi bu prinsiplə biz də o sərçə kimi əlimizdən gələni əsirgəməməliyik. O vaxtlar yarışlar təşkil edirdik, poliqonda komandalar yarışırdı, televiziyada yayımlandı. Rezonas doğurmuşdu. Rayonlardan camaat komanda ilə müraciət edirdilər. Şeir müsabiqələri də həmçinin. O müsabiqələrdə Aqşin Yenisey də, Qan Turalı da iştirak edib yer tutmuşdular. Amma biz uzaqlaşdıq. Niyə? Çünki, biz dost qazandıqsa, ondan çox da düşmən qazandıq. Səbəbsə filankəsə niyə diplom verilmədi?!
- Gənc yazarlardan kimləri oxuyursunuz?
- Aysel Əlizadəni, Əli Əkbəri oxumuşam. İndiki gənclərin yanaşması fərqlidi. Əli Əkbərin "Zaur və Artuş"unda əsərin yarısı bizə aiddir. Guya Akif Nağı vəhşidir, ermənilərə zülm eləyir, zirzəmilərdə döyür. Qoy olsun, adım tarixdə qalacaq.
- Muğam dinləyirsinizmi?
- Bəli... Amma mənə Alim Qasımovdan sual vermə.
- Nə üçün?
- Klassik muğamı sevirəm. Alim Qasımov bədii təsəvvürlə desək, bu boyda okeanın içində balaca bir göl yaradıb, o gölün içində nə istəyir, eləyir. Amma muğam böyük okeandır. Gərək bu okeanda üzə biləsən. Gölməçədə üzməyə nə var ki?!
- Alim Qasımov sevilir axı...
- Sənətkar kimi qəbul edirəm, sevilir. Dünyaya çıxır, muğamı yeni formada sevdirir. Amma mən biraz mühafizəkar insanam. Muğamın neçə minillik tarixi var. Məsələn, Qərb musiqisinin kökündə Afrika ritmləri durur. Qərb bu ritmləri özünküləşdirdi və dünyaya yaydı. Təki Alim Qasımov da buna nail ola bilsin.