24 İyul 2017 17:51
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər nazirinin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna getməsi və “Qandzasar777” dini mərasimində iştirak etməsi Ermənistan tərəfindən dövlət səviyyəsində tarixi və dini saxtakarlığa siyasi don geyindirilməsinin növbəti nümunəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri E.Nalbəndyanın “Qandzasar777” dini mərasimində iştirak adı altında Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna səfəri ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib: "Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonu ərazisində yerləşən bu alban xristian məbədinin adı “Qandzasar” deyil, Gəncəsərdır və erməni qriqoryan kilsəsi ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan və beynəlxalq tarixçi mütəxəssislər tərəfindən bu tutarlı faktlarla sübut edilib. Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltaraşlıq nümunələri və diofizit xarakterli elementləri bu abidəni çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. Saxta erməni tarixşünaslığı Gəncəsar məbədinin memarlıq və digər xüsusiyyətlərinə görə erməni kilsəsindən köklü fərqini izah etməkdə acizliyini davam etdirir.

Azərbaycanın Çar Rusiyası tərəfindən işğalından sonra 1836-cı ildə “Rusiya Müqəddəs Sinodu”nun xüsusi qərarı ilə Alban kilsəsi və onun bütün mülkiyyəti erməni qriqoryan kilsəsinin sərəncamına verilib. Bundan sonra erməni qriqoryan kilsəsi tərəfindən Alban xristian irsinin, o cümlədən Gəncəsər abidəsinin və alban yazılı məxəzlərinin erməniləşdirilməsi siyasəti aparılıb".

Azərbaycan XİN rəsmisi qeyd edib ki, ümumiyyətlə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi irsinə aid olan İslam və xristian məbədlərini, digər maddi-mədəniyyət abidələrini özününküləşdirilməsi, memarlıq üslubunun və digər xüsusiyyətlərini dəyişdirməsi beynəlxalq humanitar hüquq, xüsusilə Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır: "Ermənistan xarici işlər nazirinin bu tədbirə qatılması bir daha onu göstərir ki, Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil və Ermənistan işğala əsaslanan status kvonu saxlamaq və möhkəmləndirmək, məqsədyönlü şəkildə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ətraf rayonlarının ilhaq etmək (anneksiya) siyasətini həyata keçirir".


Müəllif: Səxavət

Oxşar xəbərlər