22 Avqust 2017 23:17
2 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toy xəbəri eşidən hər kəs istər-istəməz sevinir. Ancaq toy mərasiminin də öz xərcləri olur: nəmər, gediş-gəliş xərci, geyim, qadınlarda saç-makiyaj hazırlığı, restoranda şəkil çəkdirmək, ofisianta hörmət eləmək… Söhbət hələ bir toydan gedir. Biri də var, bir ayda 5-6 toya dəvət alasan.

Teleqraf.com bir neçə tanınmış şəxsə belə bir sualla müraciət edib: Bir ayda 6 toya dəvət alsanız, reaksiyanız necə olar?

Rejissor Mahir Dərviş: Əfsuslar olsun ki, biz hələ də toyları pul yığmaq və ya şan-şöhrət üçün edirik. Amma iki gəncin taleyi o qədər də önəmli olmur. Ona görə cibimdə bir neçə toyun dəvətnaməsi olanda tikinti obyektinin qarşısından keçirəm ki, bəlkə bəxtim gətirə, yuxarıdan bir kərpic düşə başıma... Axı, 500- 600 manatı biz hardan tapaq, tapsaq da o əhvalımız da qalmır ki, ürəkdən deyək: "Allah mübarək eləsin!" Amma mən hər gəncə saf sevgi, xoşbəxt həyat arzu edirəm, şan-şöhrətsiz, sadəcə insan xoşbəxtliyi...

Tele-aparıcı Ulvira Qarayeva: Deyərəm: Qəzam mübarək olsun! Axır qəmim olsun!

Şair Aqşin Yenisey: Sözün açığı, məni 5-6 ildir heç kim toya dəvət etmir. Azərbaycan xalqı, deyəsən, məni özünün xeyir-şər dəftərindən silib. Ya da öz xoşbəxtliyinə şərik etmək istəmir. Amma mən ölkəmizdə olan bütün toylara sevinmişəm və həmişə Vaqif Bayatılının sözü olmasın, nağaranın səsinə yeddi çəpər bu yanda oynamışam.

Aktyor Kamran Ağabalayev: Qəribə haldır. Sosial şəbəkələrdə gileylənirik ki, ölüm halları çoxalıb! Toya dəvət edildikdə isə deyinirik ki, bəs, yenə toy? Təki hər zaman toy olsun. Xeyirlə şər qardaşdır deyənlərə qatılmıram, bəlkə də ögey qardaşdırlar.

Tele-aparıcı Rahil Sayadoğlu: Əgər bu toylarda iştirak etmək arzumdursa, səbirsizliklə gözləyirəm. Yox, gözlənilməz və o qədər də maraqlı olmayan dəvətdirsə, getməməkçün müxtəlif səbəblər axtarıram. Amma istisnalar təbii ki, var. Toyların sayının çoxluğu əsasən maddi tərəfdən narahatlıq yaradır.Toya pul salmaq adətini yığışdırsaydılar, möhtəşəm olardı.

Yazıçı Şərif Ağayar: Toylara uzun illərdir embarqo qoymuşam. Xırda istisnalarla getmirəm. Ümumiyyətlə, toylarımız çox bərbad günə qalıb. Dəvətnamədən tutmuş, “Vağzalı”ya qədər… Ona görə mümkün qədər toya getmirəm, amma bunu əvvəldən toy sahibinə bildirirəm ki, mənə görə ziyana düşməsin.

Aktrisa Günel Həmidova: Açığı, belə bir halla rastlaşmışam deyə, bu suala cavab vermək üçün çox fikirləşməli olmayacağam. Ələlxüsus Məhərrəmlik və Ramazan öncəsi belə bir şey olub. Men heç vaxt paltar kirayələmədiyim üçün ilk öncə fikirləşərdim ki, ay Allah, bu toyların hərəsinə ayrı-ayrı paltar almaq var… Nə geyinəcəyəm görəsən?! Sonra da düşünərdim ki, Allah evinizi tiksin, nə olmuşdu axı, eyni ayda toy edirsiniz?!

Pərviz Cəbrayıl: 6 toya dəvətnamə alsam, uzağı ikisinə gedərəm. Toya demək olar ki, pul yazdırmıram. Çünki mənim planım belədir ki, o günü görərəmsə, uşaqlarıma pulsuz toy keçirəcəyəm. Toylarına gedib pul yazdırmadığım, yəni mənim prinsipimi qəbul edib, sadəcə, məni öz toyunda görmək istəmiş adamları və ən yaxın dostu-qohumu çağıracağam. Çox böyük olmayan çevrə ilə toy edəcəyəm. Pul yazdırdıqlarım isə, sadəcə, yardım məqsədilə olur. Toy, ümumiyyətlə, mənimçün xoş ritual deyil. Toylarımızın çox zay formatı var.

Aparıcı Murad Əzimzadə: Bir ayda 5-6 yox, 2-3 toya çağırılanda da dünya boyda sükuta qərq oluram… Yaxın dost, həmkar və münasibətimin olduğu qohum toylarına gedirəm. Əsasən 2016-2017-ci illərdə toylardan bol olmuşam. Toya dəvət olunanlara dəstək fondu da açmaq olar. Amma zarafat bir yana xeyirdən-şərdən qalan adam deyiləm. Borc da olsa tapıb gedərəm.

Şair Zahir Əzəmət: Deyirəm, nə yaxşı ki, bu çətin zamanda dostların, tanışların, qohumların bəd yox, xoş xəbərini eşitdim. Pul yoxdursa, getmirəm və heç nəyi dramatikləşdirmirəm. Problem başqadır. Bütün toylar bir-birinə oxşayır. Özümü məcbur saxlasam, getdiyim toyda maksimum 1 saat otura bilirəm.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov: Bir ayda 6 toya dəvətnamə aldığım olmayıb, şəxsi rekordum 3 toydur. Düşünürəm ki, sayından asılı olmayaraq, toya ya toy kimi getmək, ya da getməmək lazımdır. Deyinə-deyinə, salacağın pula görə heyfslənərək, ailənin dolanışığını qısaraq toya getməkdənsə, getməmək daha doğrudur. Bizdə toyun mahiyyəti dəyişib. Əslində bu, yaxın adamının şad günündə onun sevincini bölüşmək məqsədi daşıyan bir şölən olmalıdır. Amma biz toyu az qala ictimai borca, maliyyə-kredit əməliyyatına çevirmişik. Bugünkü toylar zurna ilə kredit qaytarmaq aksiyasıdır. Mütləq toyları özünün həqiqi mahiyyətinə qaytarmalıyıq. Bunun üçün məsələn, oradan başlamaq olar ki, əgər kiminsə pulu, imkanı yoxdursa, toya getməməyin ayıb olmadığını insanlar fakt kimi qəbul etsinlər. Hamı qəbul etsin ki, kiminsə toyuna getmisənsə, bu, həmin adamın sənə bir toya gəlmək borclu olduğu mənasını vermir. Digər variant toylara pul salmaq adətini aradan qaldırmaq ola bilər. Qoy, kim istəyirsə, öz puluna dəbdəbəli, yeyib-içməkli toy keçirsin. Başqaları isə öz qazanclarını şadlıq evlərinin sahiblərinə yedirtmək zorunda qalmasın.

Tele-aparıcı Yeganə Cansail: Hələ belə hal başıma gəlməyib, amma gəlsə də çağırıldığım yerə gedərəm. Hələ sevdiyim adamlardırsa, ikiqat pozitiv yaşayaram. Pul da salaram, neyləmək olar, halal xoşları…


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər