Mükafatlandırılma mərasimindən əvvəl terrorçuların Trabzonda 15 yaşlı qardaşımızı şəhid etdiyini öyrəndim. “Nə edə bilərəm” deyə düşündüm və bütün dünyanın diqqətini çəkmək üçün əsgər salamı verdim. Çox üzücü və pis xəbər idi. Qazandığım medalı Ərən Bülbülə həsr elədim.
Teleqraf.com xəbər verir ki, bu sözləri Londonda keçirilən 16-cı Dünya Atletika Çempionatının qalibi, Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev türk mediasına müsahibəsində mükafatlandırılma mərasimi zamanı əsgər salamı verməsinə aydınlıq gətirərkən deyib.
O, PKK terrorçularının qurbanı olan 15 yaşlı Ərən Bülbülün ölüm xəbərindən kədərləndiyini bildirib.
Xatırladaq ki, 16-cı Dünya Atletika Çempionatında Türkiyəni təmsil edən azərbaycanlı Ramil Quliyev kişilər arasında 200 metr məsafəyə qaçışda bütün rəqiblərini geridə qoyaraq birinci yerə çıxıb. O, finişə 20.09 saniyəyə çatıb. Atlet Böyük Britaniyanın Birmingem şəhərində keçirilən “Brilliant Liqa” yarışlarında da 200 metr məsafəyə qaçışda birinci yerə çıxaraq qızıl medala sahib olub.