6 Sentyabr 2017 18:17
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Bakı Tikiş Evi ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digəri (və ya digərləri) qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir.

Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr qəsəbəsində yerləşən ticarət mərkəzlərində, həmçinin “Sədərək”, “Binə” və “Karvan” ticarət mərkəzlərində yerləşən mağazalarda, Sumqayıt şəhəri, 30-cu məhəllədə “Mələk” və 40-cı məhəllədə yerləşən “Pompey” ticarət mərkəzlərində Bakı Tikiş Evi ASC-yə məxsus BTE əmtəə nişanından qanunsuz istifadə edilərək, mənşəyi bilinməyən parçalardan tikilmiş külli miqdarda məktəbli geyimlərinin satıldığı aşkar olunub.

Komitədən bildirilib ki, əmtəə nişanının saxtalaşdırılması yolu ilə nişan üzərində müstəsna hüquq sahibi olan sahibkarın hüquqlarını pozmaqla istehlakçıların çaşdırılmasına və bazara mənşəyi məlum olmayan malları çıxardığına görə satış obyektlərinin sahiblərinə xəbərdarlıq edilib:

“Həmçinin məhsulların keyfiyyətinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə adıçəkilən ünvanlardan götürülmüş nümunələr sınaqların aparılması üçün Azərbaycan Standartlaşdırma İnstitutunun laboratoriyasına təqdim edilib. Laboratoriya sınaqlarının nəticələri barədə əlavə məlumat veriləcək. Həmçinin saxta məktəbli geyimlərini istehsal edən sexin aşkar olunması istiqamətində müvafiq işlər görülür”.

Qurum tərəfindən həmçinin valideynlərə tövsiyə də edilib: “Bunu əsas götürərək valideynlərə tövsiyə edirik ki, insan həyatı və sağlamlığının qorunması, isteklakçıların qanuni maraqlarının təmin edilməsi və aldadılmaması, həmçinin keyfiyyəti təsdiq edilməyən saxta geyimlərin qarşısının alınması məqsədilə yalnız sertifikatlaşdırılmış malları alsınlar. Bu, həm övladlarınızın sağlam inkişafına, həm də istehlak bazarında müəyyən olunan saxtakarlığın qarşısının alınmasına xidmət edəcək.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər