15 Sentyabr 2017 09:47
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda imzalanan saziş 1994-cü il sentyabrın 20-də imzalanmış müqavilənin müddətinin uzadılması deyil.

Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

O qeyd edib ki, bu gün imzalanan saziş Azəri-Çıraq-Günəşli bloku üzrə yeni hasilatın pay bölgüsü sazişinin imzalanmasıdır: “Bu saziş Azərbaycanın indiyədək imzaladığı 34 bu tip saziş arasında icrası davam edən müqaviləyə dair hələlik növbəti yeganə müqavilədir. Yəni, indiyədək belə praktika olmayıb. Bəs, Azərbaycan hökumətinin bu addımı atması nədən irəli gəlirdi?

Məsələ ondadır ki, 1994-cü ildə 30 il müddətinə imzalanmış müqavilənin başa çatmasına 7 il qalırdı və kompaniyalar artıq bu müqavilənin başa çatmasına 10 il qalmış ona investisiya, kapital yatırımı etməkdə maraqlı deyildilər. Bunun da obyektiv səbəbləri var. Ona gör ki, neft layihələri iqtisadiyyatın kapitalyönümlü sahələridir. Məsələn, bir platformanın tikintisi, orda quyuların qazılması, sualtı infrastrukturun yaradılma, modernizasiya işləri 10 milyarda yaxın vəsait tələb edir.

Həm qoyulan vəsaitin çıxarılması, həm mənfəətin götürülməsi, həm banklardan götürülən vəsaitlərin marja ilə qaytarılması və risklərin nəzərə alınması hesabı ilə onlar düşünürdülər ki, artıq “Əsrin müqaviləsi”nə kapital yatırmaq riskli bir işdir və buna görə yatırım etməkdə maraqlı deyildilər. Nəticədə hər iki tərəf, yəni həm Azərbaycan, həm də şirkətlər uduzurdu. Çünki investisiya qoyulmadıqca hasilat azalırdı. Əgər biz son 5 ilə nəzər yetirsək, hasilatın faktiki olaraq orta hesabla ildə 900 min ton azalmağa doğru getdiyini görərik.

Ona görə də ən məqbul yol yeni şərtlərlə yeni müqavilənin imzalanması idi. Şirkətlər üçün sazişi əvvəlki şərtlərə uzatmaq sərfəli idi. Bu, Azərbaycanın xeyrinə deyildi. Ona görə də Azərbaycan yeni müqavilənin imzalanmasında öz marağını ortaya qoydu və bu gün onu imzaladı”.

İlham Şaban qeyd edib ki, Azərbaycan 23 il əvvəlki ölkə deyil: “Azərbaycanın əvvəlki illərdən çoxlu köklü, fərqli dəyişikliyi olub. Əvvəla, ölkəmizin 40 milyard dollar valyuta ehtiyatı yaranıb. İkincisi, əgər 1994-cü ildə bir nəfər belə beynəlxalq sertifikatlı mütəxəssisimiz yox idisə, bu gün layihələrdə çalışanların 90 faizi məhz azərbaycanlılar – yerli mütəxəssislərdir. Üçüncüsü, Azərbaycan 1994-cü ildə keçmiş Sovetlər Birliyinin dağıntıları altında yaranmış cəmi üç yaşlı dövlət idi və müharibədən çıxdığı cəmi 3 ay idi. Bişkek protokolunun imzalanması ilə atəşkəs elan olunmuşdu. Həmin protokola heç də yaxşı əməl olunmurdu. Yəni, ölkə çox böyük siyasi, iqtisadi risklər altında idi.

Əlbəttə, o dövrdə imzalanan müqavilələrdə də bunların risk dərəcəsinə uyğun olaraq şirkətlər özlərini sığorta etmişdilər. Ancaq indi bütün bunlar hamısı aradan qaldırılıb. Azərbaycan nəinki öz ölkəsinə, ölkədən kənara da investisiyalar qoyur. Dövlət Neft Şirkəti böyük layihələr həyata keçirir və ölkə ciddi iqtisadi dəyişikliklərin astanasındadır. Təbii ki, bütün bunlar yeni müqavilədə öz əksini tapmalı idi.

Əgər həmin dövrdə Azərbaycan hökuməti Dövlət Neft Şirkətinin 20 faizlik payını maliyyələşdirməyə vəsait tapmırdısa və bunun 10 faizini satmaq qərarına gəldisə, indi Azərbaycan Dövlət Neft Şirkətinin payı 11,6 faizdən 25 faizədək artırıldı. Bu o deməkdir ki, Dövlət Neft Şirkətinin qazancı əvvəlki illərdən 2,4 dəfə artacaq və şirkət əldə etdiyi gəliri öz layihələrinə xərcləyə biləcək.

Bundan əlavə, əvvəllər Neft Şirkətinə dəstək verən dövlətin dəstəyi özünə qalacaq. Həmin dəstək başqa layihələrə yönəldiləcək”.

Ekspert həmçinin bildirib ki, əgər birinci müqavilədə dövlət 300 milyon dollar bonus almışdısa, indi 3,6 milyard dollar bonus alacaq: “Düzdür, bu, birdəfəlik verilmir, hissə-hissə ödəniləcək. Amma kifayət qədər böyük məbləğdir. Oxucular da bilməlidirlər ki, Azərbaycanın builki dövlət büdcəsi 10 milyarddır. Yəni, builki büdcənin 36 faizi civarındadır. Bu vəsait Azərbaycan Dövlət Neft Fonduna yönələcək ki, ondan iqtisadiyyatın müxtəlif sahələrinə, yaxud beynəlxalq layihələrə, o cümlədən fondun öz vəsaitinin artırılmasına yönəldilə bilər”.

Müsahibimiz onu da bildirib ki, “Əsrin müqaviləsi” çərçivəsində indiyədək 436 milyon ton neft hasil edilib, proqnozlara görə bundan sonra Azəri-Çıraq-Günəşli yatağından 500 milyon tondan çox neft hasil ediləcəyi gözlənilir: “Yəni, indiyədək istehsal olunan neftin yarıdan çoxu qədər orda ehtiyatlar var”.


Müəllif: Səxavət HƏMİD

Oxşar xəbərlər