Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlmiş "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlanılıb.
Filmin təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Media orqanlarının rəhbərləri və dini icma nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bidirib ki, dini radikalizmə qarşı mübarizədə maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir :" Dini maarifləndirmənin həyata keçirilməsi üçün filmlərin çəkilib, cəmiyyətə təqdim edilməsi vacibdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə geniş fəaliyyət göstərir. Bu il İslam Həmrəylik ili elan edilib. İslam Həmrəylik ili çərçivəsində həm Azərbaycanda, həm də xarici ölkələrdə tədbirlər həyata keçirilir. İstanbulda növbəti tədbirin keçirilməsi nəzərdə tutulub. Bu kimi tədbirlərin əsas məqsədi dövlət -din modelini daha geniş şəkildə təbliğ və təşviq etməkdir. Eyni zamanda, radikalizmə və ekstremizmə qarşı mübarizədə əhalini maarifləndirməkdir ".
"Şəhadət" sənədli filmi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Filmdə vətən uğurunda şəhadətə qovuşmuş qəhrəmanlarla yanaşı, dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terroçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur.
Eyni zamanda filmdə bir tərəfdən vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşıçılara təqdim olunub.
Filmin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.
Foto: Elçin Murad