Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Xəzəryanı ölkələrin iştirakı ilə Bakının Qaradağ rayonu ərazisində, Xəzər dənizinin cənub-qərb hissəsində “Xəzər-2017” beynəlxalq təlimi keçirilib.
Teleqraf.com xəbər verir ki, təlimdə Azərbaycan FHN-in, Rusiyanın, İranın, Qazaxıstanın, Türkmənistanın müvafiq qurumlarının canlı qüvvə və texnikası iştirak edib. Bundan başqa, Azərbaycanın digər müvafiq güc qurumlarının - Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətlərinin, Müdafiə, Daxili İşlər, Səhiyyə nazirliklərinin, Dövlət Dəniz Administrasiyasının, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin, Dövlət Neft Şirkətinin və BP şirkətinin şəxsi heyətləri, xüsusi texnika və avadanlığı da cəlb edilib.
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin və Xəzəryanı dövlətlərin xilasetmə xidmətlərinin fövqəladə hadisələr zamanı birgə fəaliyyəti” mövzusunda təşkil olunan təlimi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar, Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazirinin müavini Vladlen Aksenov, Qazaxıstan Daxili İşlər Nazirliyi nəzdində Fövqəladə Hallar üzrə Komitənin sədr müavini Marat Kuldikov, Türkmənistan Müdafiə Nazirliyinin Xilasetmə İşinin Təşkili Baş İdarəsinin rəisi Pənah İlyasov, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, təlimdə iştirak edən müvafiq qurumların rəhbər heyəti izləyiblər.
Əvvəlcə təlimdə iştirak edən qurumların texnikalarına və avadanlığına baxış olub.
Sonra təlimlə bağlı yaradılan əməliyyat qərargahında müşavirə keçirilib.
Müşavirədə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki, Bakıda ilk dəfə olaraq Azərbaycanın ev sahibliyi və Rusiya, İran, Qazaxıstan, Türkmənistanın iştirakı ilə “Xəzər 2017” beynəlxalq təlimi keçirilir: “Fövqəladə hadisələrə cavab verilməsi üzrə Xəzəryanı ölkələrin xilasetmə xidmətlərinin birgə iştirakı ilə təlim mühüm hadisədir. Bu gün beş ölkə arasında əməkdaşlığın yeni formatı yaranır. Əsrlərboyu qonşu olan xalqlarımızı ortaq coğrafiya və tarix birləşdirir. Azərbaycanı Rusiya, İran, Qazaxıstan və Türkmənistanla sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son vaxtlar yaşadığımız regionda təbii və texnogen risklər artmaqdadır. Zəlzələ, daşqınlar, vulkan püskürmələri və bu kimi təbii fəlakətlərin birbaşa insan fəaliyyətindən qaynaqlanmadığını bilirik. İqlim dəyişikliyi artıq müxtəlif ölkələrdə ciddi nəticələrə səbəb olur, vaxt ötdükcə daha təhlükəli hal almağa başlayır. Bizi birləşdirən Xəzər dənizi ümumi sərvətimizdir. Xəzər dənizini sülh, dostluq, əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanaraq ikitərəfli münasibətlərin inkişafına diqqət yetirir. Bu ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitlik, firavanlıq və təhlükəsizliyin rəhnidir. Odur ki, Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir”.
Kəmaləddin Heydərov qeyd edib ki, bu baxımdan Azərbaycandakı təlim fəlakət risklərinin effektiv idarə edilməsi, mövcud istiqamətlərdə fəaliyyətin gücləndirilməsi, risklərə gətirib çıxaran halların birgə aradan qaldırılmasına mühüm zəmin yaradacaq.
Sonra təlimin rəhbəri, fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev beynəlxalq təlimə cəlb olunan qüvvə və texnikalar barədə məlumat verib. Bildirib ki, təlimə 1100 şəxsi heyət, 208 müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater, 8 gəmi, 6 xüsusi təlim görmüş it cəlb edilib.
Təlim planına uyğun olaraq birinci mərhələdə fövqəladə hadisələrin başvermə təhlükəsi yarandıqda və ya baş verdikdə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistanın xilasetmə xidmətlərinin qüvvələrindən beynəlxalq xilasetmə birləşmələrinin yaradılması, informasiya mübadiləsinin və qarşılıqlı fəaliyyətin təşkili, dənizdə yerləşən neftçıxarma platformalarında və neftdaşıyan gəmilərdə baş verən qəzalar zamanı xəbərdarlığın edilməsi, axtarış və qəza xilasetmə işlərinin həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilib.