Bu gün UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və UNEC-in birgə təşkilatçılığı ilə keçirilən konfransda Türkiyənin ölkəmizdə fəaliyyət göstərən ictimai və elmi qurumlarının nümayəndələri, iş adamları iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov ulu öndər Heydər Əliyevin türk dünyasını birləşdirmək istiqamətində gördüyü işlərə diqqət çəkərək, Bakı-Tiflis-Qars dəmir yolunun məhs bu uzaqgörən siyasətin özəyini təşkil etdiyini bildirib. Rektor BTQ-nin iki qardaş ölkə arasında iqtisadi sərhədləri aradan qaldırdığını və iqtisadi coğrafiyanı genişləndirdiyini qeyd edib. Ölkələr arasındakı iqtisadi və təhsil sahəsindəki əlaqələrdən bəhs edən rektor, UNEC-in Azərbaycanda türk dilində təhsil verən yeganə universitet olduğunu bildirərək, əməkdaşlığın bu istiqamətdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. UNEC rektoru türk ölkələri iqtisadiyyatından bəhs edən vahid dərsliyin hazırlanmasının vacibliyini vurğulayıb. O, türk dünyasının tanınmış simalarının adına mükafat təsis edilməsini də təklif edib.
Azərbaycan-Türkiyə diplomatik əlaqələrindən danışan Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu dostluğun tarixi köklərə, milli-mənəvi dəyərlərə sıx bağlı olduğunu bildirib. Səfir Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən də danışıb, Bakı-Tiflis-Qars dəmir yolunun açılışını yüksək dəyərləndirib.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru, dosent Məsud Özcan ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb, tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyini vurğulayıb.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının iki dövlət arasında əlaqələrin sarsılmaz özülünü təşkil etdiyini bildirib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Samsun millət vəkili, TBMM Xarici əlaqələr Komissiyasının üzvü Hasan Basri Kurt ötən illər ərzində “bir millət-iki dövlət” prinsipinin dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə etdiyini bildirib. Dostluq və qardaşlıq üzərində qurulan əlaqələrin bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.
SAM-ın şöbə müdiri Cavid Vəliyev, Türkiyə SAM-ın idarə rəisi Çiydem Tenker Koksal, UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müdiri, professor İrşad Kərimli, Türkiyənin Qazi Universitetinin müəllimi Bəkir Tümən Somuncuoğlu, İran Araşdırmalar Mərkəzinin direktoru Haqqı Uyğur çıxış edərək, bu gün hər iki ölkə başçısı tərəfindən uğurla inkişaf etdirilən dövlətlər arasındakı yüksək səviyyəli strateji müttəfiqlik əlaqələri, xalqlarımızın tarixi qardaşlıq münasibətləri, beynəlxalq və regional təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi istiqamətində birgə səylərin xalqlarımızın rifahına, o cümlədən regionda sülh, sabitlik və tərəqqinin təmin olunmasına xidmət etdiyini bildiriblər.