Bakı Şəhər Təhsil İdarəsi 14 nömrəli tam orta məktəblə bağlı məlumat yayıb.
İdarədən Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri 14 nömrəli tam orta məktəbin rus bölməsində təhsil alan 1 nəfər III sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) davranışı ilə bağlı yaranmış problemə görə məktəb rəhbərliyi həmin şagirdin sinfini dəyişərək onu paralel sinfə keçirib:
“Lakin digər şagirdlərin valideynləri həmin şagirdin bu sinfdə oxumasına etirazlarını bildiriblər. Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq, məsələ öz həllini tapmayıb.
27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb. Qeyd olunan şagirdin valideynləri onların övladlarına qarşı olan münasibətə görə polisə müraciət ediblər. Digər valideynlər də bu məsələnin araşdırılaraq həll olunmasını tələb edirlər.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, valideynlərlə söhbət aparılıb.
Psixoloqlar da məsələnin həllinə cəlb olunub. Problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır
Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə, məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Bu, sadəcə qeyd olunan məsələ ilə bağlı bir neçə valideyn arasında baş vermiş problemdir. Məktəbdə tədris prosesi normal şəkildə davam edir.
Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək”.
Qeyd edək ki, mətbuatda 14 nömrəli tam orta məktəbin rus bölməsinin 3-e sinif şagirdinin davranışı ilə bağlı problem yarandığı haqda məlumat gedib.