Dünya TV-nin efirində aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.
Teleqraf.com xəbər verir ki, bu dəfə verilişin qonağı xalq artisti Səkinə İsmayılovanın tələbələri Murad Kəngərli və Xanım Sadiq olub.
2013-cü il Muğam müsabiqəsinin iştirakçısı Murad Kəngərli Əlibababa Məmmədovun açıqlamalarından zövq aldığını bildirib:
“O bizim ifamızın bütün incəliklərini tamaşaçılara izah edərdi. Mənim bir neçə uğurlu çıxışlarım oldu. Əlibaba müəllim deyirdi ki, Muradın oxuduğu qəzəli dilindən dəftərə yazmaq olar. Yəni qiraətimi, diksiyamı qeyd edirdi. Hər birinə minnətdaram. Mənsum İbrahimov , Nadir Axundov da bizə böyük dəstək olurdu”.
Muğam müsabiqəsinin digər iştirakçısı Xanım Sadiq isə bildirib ki, Səkinə İsmayılovaya baxanda istəyirsən onda olan gözəl xüsusiyyətlərin hamısını götürəsən:
“2004-cu ildə mən Səkinə xanımın sinfində Konsevatoriyanın tələbəsi oldum. Səkinə xanım həmişə tələbələrinə dəstək olub və onlara əsil xanım, əsil qadın olmağı arzulayıb. Bizdə də düzgünlüyü, dürüstlüyü çox sevir”.
Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.