Bakı Metropoliteninin "Sahil" stansiyasında avqustun 21-də başlanmış yenidənqurma işləri əvvəlcədən təsdiqlənmiş tədbirlər planına uyğun sürətlə davam edir.
Bakı Metropoliteni QSC-dən Teleqraf.com-a verilən məlumata görə, yaxın günlərdə yeni tipli eskalatorların quraşdırılmasına başlanılacaq.
50 il əvvəl istismara verilmiş metropolitenin ilk 5 stansiyasından biri olan "Sahil"də indiyə qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Bundan savayı, açıldığı gündən istifadə olunan "LT-3" tipli eskalatorların da istismar müddəti artıq başa çatıb.
Stansiyanın vəziyyətini öyrənmək və təmir həcmini müəyyən etmək məqsədilə müvafiq komissiya yaradılaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli qurumları, o cümlədən S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə müvafiq qiymətləndirmə işləri aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramında stansiyaların əsaslı təmiri və avadanlıqların müasir analoqları ilə əvəzlənməsi tələblərinə uyğun olaraq yenidən qurulması nəzərdə tutulub.
Təcrübə də göstərir ki, eskalatorların dəyişdirilməsi, xüsusən dərin özüllü stansiyalarda onların əvəzlənməsinə xeyli vaxt tələb olunur. "Sahil" stansiyasında təmirin ilk işləri sırasında eskalatorların maili gedişinin üzərindəki tunel geyiminin çətiri, qaynaq üsulu ilə olmaqla metal profilləri və korroziyaya uğramış bərkidici elementləri sökülüb, axıntılar ləğv edilib, tunel geyimi korroziyadan təmizlənməklə müasir korroziya əleyhinə boyaqla rənglənib və yeni örtüyün metal-konstruksiyası quraşdırılır.
Eskalatorların dəyişdirilməsi ilə yanaşı, stansiyada görülən digər təmir-bərpa işləri də əhəmiyyətinə görə bundan geri qalmır.