Elə ailələr var ki, 10-15, hətta 20 ildən sonra rəsmi nikah üçün müraciət edir.
Bunu Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, 2012-2016-cı illər üzrə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 127 min 912 olub: “Son 5 ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı isə belədir: hər iki valideynin ərizələrinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 2012-2016-cı illər üzrə 82 min 338 olub. Bu, rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 64.4 faizini təşkil edir.
Bu ailələr illərdir bir yerdə yaşayırlar.Ailə daxilində çox gözəl, səmimi, mehriban münasibətlər var. Amma müəyyən obyektiv və subyektiv səbəblər üzündən onlar rəsmi nikaha girməyiblər.
Həm belə ailələr, həm də bütövlükdə əhali arasında müxtəlif maarifləndirici və məlumatlandırıcı layihələr həyata keçirilir, rəsmi nikahın üstünlükləri, digər sənədləşmələr zamanı, zəruriliyi, eyni zamanda hüquqi məsələlər izah edirlir.
Artıq yüzlərlə belə ailələr var ki, 10-15, hətta 20 ildən sonra rəsmi nikah üçün müraciət edirlər. Əlbəttə, bu, yaxşı haldır, deməli, aparılan maarifləndirmənin əhəmiyyəti var”.
Aynur Veysəlova qeyd edib ki, qeyri-rəsmi nikahdan uşağı olan valideynlər arasında öz uşağından imtina edən olmayıb: “Tək ananın ərizəsinə əsasən Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 2012-2016-cı illər üzrə isə 45 min 574 olub. Bu, bütövlükdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 35.6 faizini təşkil edir.
Qeyri-rəsmi nikahdan uşağı olan valideynlərdən öz uşağından imtina edən olmayıb. Lakin bəzi hallarda ana və ya ata tək uşaqları böyütməkdə, tərbiyə etməkdə çətinlik çəkəndə onları internat müəssisələrinə verirlər. Bu, heç bir halda uşaqdan imtina kimi qiymətləndirilə bilməz”.