Riyaziyyat dərsində təzəcə 10 rəqəmini öyrənmiş, barmaqları ilə güclə toplayıb çıxmağı bacaran uşağa tənlik necə həll olunur, azalan, çıxılan, məchul toplanan necə tapılır – öyrətməyə çalışıram.
Teleqraf.com xəbər verir ki, bu sözləri bir ibtidai sinif müəllimi sosial şəbəkələrdə paylaşıb.
O, ibtidai təhsil səviyyəsində tədris olunan fənlər üçün tərtib edilmiş məzmun standartları və dərsliklər haqqında müəyyən təklif və iradlarını bildirib.
“Azərbaycan bölməsi üzrə ibtidai siniflərdə 9 fənn tədris olunur. Hazırda birinci sinfə dərs deyirəm. Deməli, cəmi iki aydır məktəbə gələn, yenicə qələm tutmağı öyrənən, 10-12 hərf keçən şagirdə məqsəd və intonasiyaya görə cümlənin növlərini, söz birləşməsi və cümlənin fərqini, ismi, sifəti, feili (ad, əlamət, hərəkət bildirən sözlər), sait və samit səsləri, sadə və mürəkkəb söz, yaxınmənalı və əksmənalı sözləri, paronim sözlərin nə olduğunu, nəzmin və nəsrin nə olduğunu öyrədirəm.
Deyək ki, hər hansı bir hərfi keçirəm. Mənim əsas məqsədim o olmalıdır ki, 27 uşağın hamısı hərfi tanısın, yadında saxlasın, o hərfi düzgün yazsın və dərslikdə verilmiş sözləri düzgün oxusun. Ancaq verilmiş digər standartlar mənə imkan vermir ki, uşağı sırf bu istiqamətdə inkişaf etdirim. Hərfin öyrədilməsi üçün ayırdığım vaxtdan kəsib uşağa hələ ki, lazım olmayan informasiyalar çatdırıram.
Sanki harasa tələsirik. 2 aydır məktəbə gələn uşağa imkan verin oxumağı, yazmağı öyrənsin. Uşaq cümləni asta-asta, hecayla oxuyur, təbii olaraq hələ oxuduğunu dərk etməyi bacarmır, uşaqdan soruşulur ki, oxuduğun cümlə sual cümləsidir, yoxsa nida cümləsi? Mən çox gözəl bilirəm ki, Azərbaycan dili fənni üzrə 4 məzmun xətti var və hər biri üzrə inkişaf olmalıdır. Ancaq bu dərəcədə yox.
Uşaq öhdəsindən gəlsə belə, biz onu çox yükləyirik, uşağın sağlamlığını əlindən alırıq. Riyaziyyat dərsində təzəcə 10 rəqəmi öyrənmiş, barmaqları ilə güclə toplayıb çıxmağı öyrənən uşağa tənlik necə həll olunur, azalan, çıxılan, məchul toplanan necə tapılır – bunları öyrətməyə çalışıram. Bunlar azmış kimi, ingilis dilində hər dərs 10 yeni söz və həmin sözləri cümlədə işlətmək tapşırılır. Bəs bütün bunların birinci sinif uşağı üçün çətin olduğunu bilə-bilə nə üçün öyrədirik?
Bilirik ki, hər fənn üzrə məzmun standartları var. Məzmun standartı dövlət tələbidir, yəni heç bir müəllim dövlətin tələbinə qarşı çıxa bilməz, bizə hansı proqram verilirsə, o proqram üzrə də öyrədirik”.
Müəllim onu da qeyd edib ki, digər ən böyük problem ondan ibarətdir ki, birinci sinifdə standartda verilən dil qaydalarına aid dərslikdə heç bir informasiya yoxdur:
“Digər siniflərdə də dərslikdə verilən dil qaydaları olduqca azdır. Dil qaydaları, verilən tapşırıqların həlli yolları dərslikdə olsa, valideyn baxar dərsliyə, dərslikdə olan qaydaları uşağına öyrədər. Kurikulumda deyilir ki, şagird qaydalarla, təriflərlə, söz yığını ilə yüklənməməlidir.
Metodik vəsaitdə isə qeyd olunur ki, cümlənin növlərini şagird sadalamalıdır, sait və samit sasləri fərqləndirməlidir, sadalamalıdır və s. Dərslikdə də elə tapşırıq verilir ki, şagird onun qaydasını bilməsə, tapşırığı yerinə yetirə bilməz. Bir yandan deyirik ki, valideyn dəstək olmasa, uşaqda inkişaf olmaz. Bəs dərslikdə heç bir öyrədici informasiya yoxdursa, valideyn haradan bilsin ki, uşağa nə öyrədilməlidir?
Müəllim sinifdə öyrədir, deyək ki, 15 şagird sözü göydə tutur. Axı uşaq var ki, gərək evdə də valideyn sinifdə deyiləni deyə. İngilis dili kitabında ancaq şəkilləri görürük, müəllimə də deyilir ki,dəftər tutdurma.Həftədə bir dəfə ingilis dili dərsi var. Sinifdə sözü deməklə uşaq onu əzbərləyə, hətta cümlədə işlədə bilərmi? Əlbəttə, yox. Valideynlərin də əksəriyyəti savadsızlığı ucbatından məcbur olur uşağını hər ay 50-100 manat pul verərək əlavə hazırlıqlara qoysun.
Bizim oxuduğumuz dövrdə hazırlığa gedən uşaq varidi? İndi dərsdən sonra 10-15 uşaq hazırlığa qalır. Günah müəllimdə deyil. Uşaq öyrənə bilmir, çatdıra bilmir. Sizcə, ibtidai sinif şagirdinin qarşısına bu qədər ağır standart qoyulması düzgündürmü?
Qızım ikinci sinifdə oxuyur. Oturub uşaq qarşımda, səhərə musiqi dərsi var. Deyirəm, stakkato nədir, dinamika, leqato, liqa, solo, mezzo forte, mezzo piano, çərək not, bütöv not, bütöv pauza nədir? Bəlkə 3 saat danışıram, danışıram, yenə də uşaq dediyim terminləri nəinki izah etmək, heç adını yadında saxlaya bilmir.
Özünüz təsəvvür edin, 9 fənnin hər biri maksimum dərəcədə çətin olarsa, uşaq necə bunun öhdəsindən gələ bilər? Uşağı danlayıram, sonra düşünürəm ki, bu, uşağın günahı deyil . Günah ikinci sinif şagirdini bu cür ağır dərslərlə yükləyən pedaqoqlardadır. Sinfə daxil olmayan, sinifdəki şagirdlərin hər birinin fərqli qavrayışa sahib olduğunu görməyən, tədris zamanı hansı çətinliklərlə rastlaşdığımızı görməyən bir insan standart hazırlamamalıdır.
O standartı tərtib edən şəxslərə təklif edərdim ki, sizlərə 30-35 uşaq və 45 dəqiqə vaxt verək. Reallaşdırın görək, o cür ağır standartı bir dərsə reallaşdıra bilərsinizmi? İnanın ki, uşaqlar məktəbə gəlmək istəmir. Biz ibtidai sinifdə oxuyanda bu qədər yüklənməmişik. Birinci, ikinci sinifdə əsasən oxu və yazı bacarıqları formalaşdırılırdı. Zaman-zaman digər anlayışları da öyrənirdik. Yaş səviyyəsi deyilən bir şey var.
Birinci sinifdə çətinlikə, uşağa zülm edə-edə öyrətdiyimiz materialı, ikinci-üçüncü sinifdə daha rahatlıqla öyrədə bilərik. Bir də məktəbə hazırlıq qrupları açılandan sonra bəzi valideynlər uşağın adını həmin hazırlıq qrupuna yazdırır, lakin gətirmir. Həmin uşağın da adı hazırlıq qrupunda olduğu üçün imtahansız məktəbə qəbul olunur. 5 yaşlı uşağa yuxarıda qeyd etdiyim çətin materialı izah etmək qeyri-mümkündür. Çox istərdim ki, 5 yaşlı uşaqlar hazırlıq qrupuna yazıldıqdan sonra davamiyyətinə və nəticəsinə baxaraq məktəbə götürülsün.
Qeyd etdiklərim bütün ibtidai sinif müəllimlərinin qarşılaşdığı real problemlərdir. Mənim bir müəllim kimi ibtidai sinif şagirdlərinə yazığım gəlir, bu qədər yükləndikləri üçün. Məzmun standartları və həmin standartlara uyğun hazırlanmış dərsliklər sadələşdirilməlidir”.
Məsələyə təhsil eksperti Etibar Əliyev münasibət bildirib. O deyib ki, ibtidai sinif dərsliklərinin həm kəmiyyətindən, həm də keyfiyyətindən narazılıq var:
“Uşaqlar üçün yeni kurikulumlar 9 ildir tətbiq olunur. Əsas da birinci siniflər üçün. Xeyli dərs vəsaitləri ortaya çıxdı. Həmin dərsliklərin müəlliflərinin günahı ucbatından hətta müəllimlər də yeni dərslikləri anlamaqda çətinlik çəkirlər.
Müəllimlərin diaqnostik qiymətləndirilməsi zamanı ibtidai sinif müəllimlərinin də bilikləri qiymətləndirildi. Orda da fikirlər səsləndirilir ki, uşaqlar çox yüklənir. Bunun nəticəsində artıq ibtidadi siniflərdə də repetitorluq genişlənməyə başlayıb. Bu məsələlərin həlli üçün müəllimlərin səriştəsi, kompitensiyası artırılmalıdır. Onların çoxu öz üzərində işləmir.
İbtidadi təhsilin qarşısında qoyulan məqsədlərə çatmaq üçün müəllimlər təkcə mövcud ədəbiyyata yox, başqa ölkələrin təhsil sisteminin ədəbiyyatına da müraciət etməlidirlər. İbtidadi təhsilin qarşısına qoyulmuş məqsədlər dünyanın hər yerində eynidir. Eyni zamanda dərsliklərin yeni monitorinqi aparılmalıdır. Dərsliklərdəki çətinliklər, anlaşılmazlıqlar, dil problemləri aradan qaldırımalıdır. Biz çox zaman təhsilin yuxarı pillələrinə üstünlük veririk, ancaq təhsilin aşağı, yəni ibtidadi pilləsi hər şeydən vacibdir”.
Qeyd edək ki, neçə müddətdir həm valideynlər, həm də ibtidadi sinif müəllimləri ibtidadi siniflər üçün nəzərdə tutulmuş dərsliklərin çətinliyindən narazıdırlar.