22 Dekabr 2017 17:43
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il oktyabrın 10-da ölkədə mövcud dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunmasını və inkişafını, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə imzaladığı Fərmana əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.

Teleqraf.com Dövlət Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman İsmayılov icraçı direktor vəzifəsinə təyin olunub.

Mehman İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musa oğlu Musayev Fondun Himayəçilər Şurasının sədri, üzvlüyünə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Qafarova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Vaqif oğlu Quliyev təyin ediliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər